
Azərbaycanda ordu quruculuğu birmənalı olaraq xalqımızın Ulu Öndəri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanıb. 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması dahi liderin tarixi xidmətlərindən biri idi. Hərbi məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına imkan verdi. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün olub: “Çox təəsüf ki, müstəqilliyin ilk illərində Azərbaycan böyük çətinliklərlə qarşılaşdı, həmin illərdə ölkəyə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Çünki həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Eyni zamanda Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalayıb. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin yaradılması da ordumuz üçün peşəkar kadr hazırlığı istiqamətində atılmış ən mühüm addımlar idi”.
Deputat 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb olduğunu bildirib: “Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi. Bütün bunlar onu deməyə əsas verir ki, 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə də ordu quruculuğu məsələləri hər zaman diqqət mərkəzində olub. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılıb. Məhz bu günki güclü Azərbaycan Silahlı Qüvvələri effektiv ordu quruculuğu siyasətinin məntiqli nəticəsidir. Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradıldı”.
Təftiş Komissiyasının sədri vurğulayıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb: “2016-cı ilin 2 aprel tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra – 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atıldı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində – noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Sözsüz ki, düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. 2023-cü ilin 19-20 sentyabr tarixlərində baş tutmuş bir günlük lokal antiterror tədbirləri nəticəsində də Azərbaycan Ordusu növbəti dəfə yüksək peşəkarlıq və hərbi güc nümayiş etdirdi. Uzun on illiklər Azərbaycan ərazisində kök salmış erməni separatizminə son qoyuldu. Ölkə ərazi üzərində konstitusiya quruluşu tam bərqərar olundu. Bununla da bütün torpaqlarınmızda və sərhədlərimizdə şanlı üçrəngli bayrağımız qürurla dalğalanmağa başladı”.
Sevinc Hüseynova bu gün Azərbaycan Ordusunun daha da modernləşdirilməsi istiqamətində atılan addımlara diqqət çəkib: “Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universitetinin yaradılıb. Qardaş Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb. İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindəndir. Eyni zamanda beynəlxalq hərbi əməkdaşlığın məqsəd və istiqamətləri Azərbaycan milli maraqlarına uyğun olaraq müəyyən olunur. Bu baxımdan da İsrail dövləti ilə hərbi əməkdaşlıq Azərbaycanın beynəlxalq hərbi strategiyasında mühüm yer tutur. Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından biri də Pakistan İslam Respublikasıdır. Pakistan daim beynəlxalq arenada ölkəmizi dəstəkləyir və açıq şəkildə bəyan edir ki, hər zaman Azərbaycanın yanındadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında imzalanmış “İkitərəfli Hərbi Əməkdaşlıq Planı” da iki ölkə arasında hərbi müttəfiqlik effektini yaradır.