
Prezident İlham Əliyevin qardaş Türkiyənin “Kahramanmaraş” şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirakı tarixi hadisə idi. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Bu eyni zamanda dostluğun və qardaşlığın növbəti təzahürü kimi xarakterizə olunur. İki qardaş Lider 2023-cü ilin 6 fevralındakı dəhşətli zəlzələdən sonra yenidən qurulan Türkiyənin digər bölgələri kimi Kahramanmaraşda həyatın canlandığını, evlərin, iş yerlərinin, sosial və iaşə obyektlərinin istifadəyə verildiyini bildirdilər.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat açılış mərasimində çıxış edən Azərbaycan və Türkiyə Prezidentlərinin 2023-cü il fevralın 6-dakı dəhşətli zəlzələ nəticəsində həlak olmuş, həyatını itirmiş bütün insanlara bir daha öz başsağlıqlarını çatdırdığını söyləyib: “Ölkəmizin başçısı çıxışında Azərbaycan xalqının Kahramanmaraş və Türkiyənin digər bölgələrində 2023-cü ildə baş vermiş dəhşətli zəlzələ zamanı yaşanan faciəni öz faciəsi kimi qəbul etdiyini vurğulayıb. Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ xəbəri Azərbaycanda böyük narahatlıqla qarşılanmışdı və xalqımız ilk gündən Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün yardım toplama məntəqələrinə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlayıb. Sözsüz ki, dəhşətli zəlzələdən sonra qardaş Türkiyə Prezidentinin rəhbərliyi ilə qısa zamanda böyük quruculuq-bərpa işləri həyata keçirilib. Azərbaycan xalqı və dövləti də hər zaman olduğu kimi bu dəfə də öz qardaşlarının, bacılarının yanında olub. Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərib. Məhz bunun nəticəsi olaraq Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılıb. Ölkəmizdən göndərilmiş nümayəndə heyəti tərəfindən qurulan iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərib”.
Təftiş Komissiyasının sədri vurğulayıb ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olub: “Kahramanmaraşda iki qardaş ölkə liderinin açılışını etdiyi “Azərbaycan” məhəlləsi bu birliyin, qardaşlığın, dostluğun təzahürüdür. Azərbaycan əraziləri 30 ilə yaxın Ermənistan tərəfindən işğalda saxlanıldığı dövrdə qardaş Türkiyənin birmənalı münasibəti və II Qarabağ müharibəsinin ilk dəqiqələrindən cənab Rəcəb Tayyib Ərdoğanın açıq dəstəyini xalqımız heç vaxt unutmur. Tarixi Şuşa Bəyannaməsinin imzalanması isə Azərbaycan-Türkiyə qardaşlığının ən yüksək səviyyədə tərənnümü idi. Bununla da sıx bağlarla bir-birinə bağlanmış qardaş dövlətlər müttəfiqlik səviyyəsində əlaqələrini bütün spektorlarda qarşılıqlı maraqlar üzərində formalaşdırmağa başlayıb. Bu gün Azərbaycan və Türkiyə bütün sahələrdə sıx əməkdaşlığa malikdir. Ölkələrimiz bütün platformalarda bir-birinin mövqeyini açıq şəkildə müdafiə edir. Eyni zamanda qardaş ölkələr arasında təhsil, səhiyyə, mədəniyyət, hərbi və digər məsələlərdə əməkdaşlıq günü-gündən inkişaf edir. Bütün bunların fonunda qardaş Türkiyənin Kahramanmaraş şəhərində 2023-cü ildəki dağıdıcı zəlzələdən sonra “Azərbaycan” məhəlləsinin yaradılması da çox gözəl hadisə kimi tarixə düşüb. Burada 90-dan çox bina inşa edilib ki, orada 1200 mənzildə türkiyəli bacı-qardaşlarımız yaşayacaq”.
Sevinc Hüseynova bildirib ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu: “Fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edildi. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldildi. Dövlətimizin başçısının tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi. Tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq. 2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub. “Azərbaycan” məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib”.