
Prezident İlham Əliyevin qardaş Türkiyəyə səfəri bu dəfə də özünün tarixi xarakterinə görə səciyyələnib. Bu dəfəki səfər Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasiminə həsr olunub. Açılış mərasimində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, edilən açıqlamalar, verilən mesajlar Azərbaycan-Türkiyə qardaşlığının hər bir məsələdə olan birliyinin açıq təcəssümü kimi xarakterizə olunur.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında 2023-cü il fevralın 6-dakı dəhşətli zəlzələ nəticəsində həlak olmuş, həyatını itirmiş bütün insanlara bir daha öz başsağlıqlarını çatdırıblar: “Prezident İlham Əliyev çıxışında Azərbaycan xalqının Kahramanmaraş və Türkiyənin digər bölgələrində 2023-cü ildə baş vermiş dəhşətli zəlzələ zamanı yaşanan faciəni öz faciəsi kimi qəbul etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ilk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlayıb. Zəlzələdən dərhal sonra Türkiyə Prezidentinin rəhbərliyi ilə qısa zamanda böyük işlər görülüb. Sözsüz ki, Azərbaycan xalqı və dövləti də hər zaman olduğu kimi bu dəfə də öz qardaşlarının, bacılarının yanında olub. Sözsüz ki, qısa zamanda qardaş Türkiyənin öz imkanları ilə bütün zəlzələ bölgələrində geniş-bərpa quruculuq işlərinin görülməsi bir daha onun gücünü və imkanlarını nümayiş etdirir”.

Deputat bildirib ki, Azərbaycan dövləti və xalqı da öz növbəsində dəhşətli zəlzələ zamanı bir daha qardaşlarının yanında olmaq üçün səfərbər oldu: “Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərdi. Məhz bunun nəticəsi olaraq Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarıldı. Ölkəmizdən göndərilmiş nümayəndə heyəti tərəfindən qurulan iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərib. Təbii ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub. Kahramanmaraşda iki qardaş ölkə liderinin açılışını etdiyi “Azərbaycan” məhəlləsi bu birliyin, qardaşlığın, dostluğun təzahürü kimi dünya üçün böyük bir nümunə hesab edilir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycan əraziləri 30 ilə yaxın Ermənistan tərəfindən işğalda saxlanıldığı dövrdə qardaş Türkiyənin birmənalı münasibəti və II Qarabağ müharibəsinin ilk dəqiqələrindən cənab Rəcəb Tayyib Ərdoğanın açıq dəstəyini xalqımız heç vaxt yaddan çıxartmır: “Cənab Prezident İlham Əliyev də çıxışında bir daha bu məqamlara bir daha diqqət çəkdi. Ölkəmizin başçısı qeyd etdi ki, “Qarabağ məsələsində də qeyd etdiyiniz kimi, biz əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır”. Sözsüz ki, “Azərbaycan” məhəlləsinin yaradılması da çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Azərbaycan və Türkiyə yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birinin yanındadır. Bu da sözsüz ki, bir-birimizin gücünü artırır. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir”.
Qeyd edək ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu. Fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edildi. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldildi. Dövlətimizin başçısının tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi. Tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq. 2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub. “Azərbaycan” məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.