
Azərbaycan bu gün regional və qlobal miqyasda təhlükəsizlik adası kimi xarakterizə olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə sabitlik və stabillik təmin edilməklə yanaşı, sülh və əməkdaşlıq müstəvisində də təsirli addımlar atılır. Cənubda-şimalda baş verən hadisələr fonunda Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş və məntiqli siyasət nəticəsində onun etibarlı və stabil mövqeyi təqdir edilir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün beynəlxalq birlik tərəfindən tanınan və qəbul edilən ərazi bütövlüyünü, suverenliyini təmin etməklə sülhə ən böyük töhfə vermiş olub: “Bölgədə sülhə, təhlükəsizliyə təhdid yaradan Ermənistanın işğalçılıq siyasətinə, separatizmə sarsıdıcı zərbə vurulmaqla, birdəfəlik son qoyulub. Bu mənada güclü və qalib Azərbaycanın yaratmış olduğu yeni reallıq regionda sülhü və əməkdaşlığı, qarşılıqlı əlaqələrin inkişafını təşviq edir”.

Deputat hesab edir ki, II Qarabağ müharibəsindən sonra Ermənistana sülh təklifinin də məhz Azərbaycan tərəfindən irəli sürülməsi ölkəmizin bu məsələdə olan birmənalı mövqeyinin ifadəsi kimi izah edilir. Artıq sülh mətni üzərində razılaşma əldə edilib. Sadəcə olaraq Ermənistan tərəfi sülh müstəvisində öz üzərinə düşən vəzifələri dərk etməli, onun geri dönməzliyini təmin edəcək zəruri addımları atmalıdır. Bu da sözsüz ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəaların aradan qaldırılması ilə bağlıdır. Eyni zamanda rəsmi İrəvan 30 illik keçmiş münaqişə dövründə heç bir müsbət addımı ilə xarakterizə olunmayan ATƏT-in Minsk Qrupundan birgə imtina ilə bağlı müraciətə qoşulmaldır. Amma görünən odur ki, keçmiş münaqişə dövründə olduğu kimi Ermənistan tərəfi prosesi qeyri-müəyyən vaxta qədər uzatmaq naminə absurd iddialarla çıxış edir. Bu isə öz növbəsində sülh prosesinə xələl gətirir”.
Məlahət İbrahimqızına görə, sülhün əldə edilməsi, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqaz üçün yeni bir canlanmaya səbəb olacaq: “Bunun üçün isə rəsmi İrəvan Azərbaycanın irəli sürdüyü şərtləri qısa zamanda təmin etməlidir. Həmçinin Ermənistan dövləti vaxtilə öz ata-baba ocaqlarından zorla deportasiya edilmiş Qərbi Azərbaycanlıların hüquqlarının bərpası və onların tarixi torpaqlara qayıdışını təmin etməlidir. Bu beynəlxalq hüquq və BMT-nin əsas tələblərindən biridir. Ona görə də Ermənistan hakimiyyəti Fransa kimi ölkələrin təsiri ilə özünə ziyan verəcək addımlar atmaq əvəzinə, sülh, əməkdaşlıq, qarşılıqlı maraqlara xidmət edən proseslərin inkişafına töhfə verməlidir”.