“Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycan xalqı təəssüf ki, hakimiyyətə gələn siyasi qüvvələrin səriştəsizliyi nəticəsində xaos, vətəndaş müharibəsi, ərzaq qıtlığı ilə üzləşməli oldu. Bütün bunlar azmış kimi, Ermənistan və onun himayəsi altında hərəkət edən Qarabağ erməniləri Azərbaycana qarşı hərbi təcavüzünü daha da şiddətləndirdi. Müqəddəs torpaqlarımızı, ərazi bütövlüyümüzü qorumalı olan qüvvələrin başı isə Bakıda hakimiyyət uğrunda mübarizəyə qarışmışdı. Qoşun hissələri döyüş bölgələrindən çıxarılaraq Bakıya yönləndirilirdi. Nəticədə torpaqlarımızın 20 faizi işğal olundu, bir milyondan artıq soydaşımız öz doğma el-obasından didərgin düşdü. Ölkəmiz parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Xilaskar axtarışında olan xalqımızın diqqəti, təbii olaraq, Naxçıvana yönəlmişdi. Hər kəsin qəbul etdiyi həqiqət vardı. Dövlətimizi, ölkəmizi uçurumdan yalnız bir nəfər – ümummilli lider Heydər Əliyev çıxara bilərdi. Heç bir siyasi təcrübəsi olmayan başıpozuq bir qrupun yarıtmaz idarəçiliyi üzündən yox olmaq təhlükəsi ilə üzləşən dövlətimiz, itirilməkdə olan müstəqilliyimiz məhz Heydər Əliyevin böyük məharətinin sayəsində təhlükələrdən, bəlalardan xilas oldu”.
Bunu Siyasətinfo.az-a Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, VI çağırış Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Onun sözlərinə görə, 15 İyun Azərbaycan tarixində yeni dövrün başlanğıcı hesab edilir: “Milli Qurtuluş Günü müasir dövrümüzün qürur səlnaməsi kimi qiymətləndirilir. Milli Məclis 1997-ci ildə 15 iyun tarixinin Milli Qurtuluş Günü elan olunması haqqında qərar qəbul etməklə çox doğru addım atdı. Çünki Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf edə bilmişdi, dövlətçiliyimizi, müstəqilliyimizi qorumuşdu, yox olmağa qoymamışdı. Məhz onun sayəsində ölkə müstəqilliyinin dönməzliyi təmin olundu. Bu səbəbdən də 15 iyun tarixi haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu. Beləliklə ölkəmizdə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıldı. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu”.
Aqil Məmmədov bildirib ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin yorulmaz və gərgin fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi: “1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü hesab edilir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Ulu Öndər Heydər Əliyev dühasının nəticəsi olaraq Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi”.
Sabiq deputat vurğulayıb ki, məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən strategiyası nəticəsində bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətə çevrilib: “Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlanılıb. Eyni zamanda bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında cəbhədə atəşkəs əldə edildi. Atəşkəsin əhəmiyyəti onda idi ki, məhz bu sazişdən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və əldə edildi. Bu uzaqgörən siyasətin reallaşması nəticəsi olaraq Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyaraq ölkəmiz regionda lider dövlətə çevrilməsi təmin olundu. Ulu Öndərin Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi və praqmatik siyasəti nəticəsində Azərbaycan daha da güclənib, dünyada nüfuzlu dövlətə çevrilib. 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində nəticəsində işğal altında olan torpaqlarımızı erməni təcavüzündən azad edildi, bütün ərazilərimiz üzərində konstitusiya quruluşu təmin edildi. Bununla da işğalçı Ermənistan ordusu döyüş meydanında məğlub oldu. Bu qələbə tariximizə qızıl hərflərlə yazılıb. Təbii ki, bu qələbədə xalq və cəmiyyət olaraq birliyimiz və həmrəyliyimiz də mühüm rol oynadı. Beləliklə, Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı-Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən qalib və müzəffər bir dövlətə çevrilib”.
Aqil Məmmədov onu da bildirdi ki, Azərbaycan xalqının Milli Qurtuluş Günündə 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması tarixi hadisə idi: “Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesaj oldu. Bu bəyannamə qardaşlığımızın, müttəfiqliyimizin sözdə deyil, əməldə ifadəsidir. Azərbaycan və Türkiyə Prezidentləri 4 il öncə Şuşada iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bu Bəyannamənin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafına zəmin yaratdı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdə olan birgə addımları özündə ehtiva edir. Eyni zamanda Şuşa Bəyannaməsi əhatəli sülhə və inteqrasiyaya yol açır və bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bütün bunlarla yanaşı əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırılması, regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasında tarixi razılaşmanın rolu olduqca böyükdür”
