
BAKI, 31 May. SİYASƏTİNFO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin 28 May Müstəqillik günündə Laçında Zirvə görüşündə iştirakı xalqımızın yaddaşında əbədi qalacaq hadisələrdən biridir. Bu əslində üç qardaş ölkənin birlik, bərabərlik mesajı idi. Sülh, əməkdaşlıq, qarşılıqlı fəaliyyətin nəticəsinin ancaq səmimi münasibətlərə əsaslandığı bir daha özünü təsdiq edir.
Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, VI çağırış Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, 28 May Müstəqillik Günündə qardaş ölkələrin Ermənistanın işğalından sonra yenidən dirçələn, qurulan, bərpa edilən Qarabağ və Şərqi Zəngəzurda birlik mesajları verməsi olduqca önəmlidir. Bu gün digər işğaldan azad edilən ərazilərimiz kimiLaçın 30 illik Ermənistanın işğalından sonra yenidən dirçəlir. Laçınlılar öz ata-baba ocaqlarına qayıdır. Cənab Prezident İlham Əliyev də Laçına bu dəfəki səfərində də bir qrup laçınlıya yeni evlərinin açarlarını təqdim edib. Bu sözsüz ki, 28 May Müstəqillik tariximizin ən qürurverici hadisələrindən biri kimi tarixə düşüb. Eyni zamanda Azərbaycanın işğaldan azad edilən üçüncü, ümumilikdə isə 9-cu aeroportunun, Laçın beynəlxalq aeroportunun qardaş Türkiyə Prezidentinin iştirakı ilə açılışının edilməsi də qürurverici idi. Prezident İlham Əliyevlə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalından azad edilən Qarabağ və Şərqi Zəngəzurda açılışını etdiyi üçüncü beynəlxalq aeroportun, Laçın aeroportu olması tarixi önəm kəsb etməklə yanaşı bu bölgənin əsl sahiblərinin burada xariqələr yaratdığını təzahür etdirir. Qeyd edək ki, bundan öncə Füzuli və Zəngilanda hər iki qardaş Lider tərəfindən aeroportların açılışı edilib. Reallıq isə odur ki, qısa zamanda Qarabağ və Şərqi Zəngəzurda üçüncü beynəlxalq aeroportun tikilib istifadəyə verilməsi bölgədə aparılan və həyata keçiriləcək quruculuq-bərpa işlərinin də mahiyyətini göstərir. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq bölgədə müasir standartlara cavab verən infrastruktur qurulur”.

YAP təmsilçisi Laçında Azərbaycan-Türkiyə-Pakistan Liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşündə verilən mühüm mesajların əhəmiyyətinə də diqqəti çəkib: “Prezident İlham Əliyev çıxışında Zirvə görüşünün Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilməsinin tarixi əhəmiyyətinə toxunub. Azərbaycan, Türkiyə və Pakistanın hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olduğu qeyd edilib. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə mənəvi, siyasi dəstəyi xalqımızın əbədi olaraq yaddaşına həkk olunub. Bu mənada Azərbaycan-Türkiyə-Pakistan birliyi regional və qlobal müstəvidə sülhə, əməkdaşlığa xidmət edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi kimi “Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk”. Laçında məhz üç dövlət arasında ikinci üçtərəfli Zirvə görüşün keçirilməsi strateji əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirilir.
Aqil Məmmədov cənab Prezidentin Zirvə görüşündə həmçinin 1918-ci ilin 28 Mayında yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, onun qısa zaman ərzində mövcudluğuna nəzər saldığını bildirib: “Ölkəmizin başçısı AXC-nin 1920-ci ilin aprel ayında müstəqilliyinin əlindən alındığı və ondan bir neçə ay sonra – 1920-ci ilin noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsinin Azərbaycandan ayrılıb Ermənistana birləşdirildiyini Zirvə toplantısında diqqətə çatdırıb. 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də bu dövrdə ölkəmiz üçün yeni çətinliklərlə müşahidə olundu. Ermənistanın işğalçılıq siyasəti, Xocalıda soyqırımı həyata keçirilməsi, Laçının və Şuşanın təcavüzə məruz qaldığı, beləliklə 30 ilə yaxın ərazilərimizin 20 faizinin erməni işğalında saxlanıldığı da Zirvə toplantısında bir daha bəyan edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü, 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə suverenliyini tam təmin etməyə nail oldu. Artıq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq bərpa işləri icra edilir. Şərqi Zəngəzur və Qarabağ bölgələrində 43 min insan yaşayır və çalışır. Azərbaycan üçün ən yaxın dost və tərəfdaş ölkələr bu uğurlara sevinir. Türkiyə və Pakistan Liderlərinin Laçında olması burada görülən işlərlə tanışlığı, hava limanının açılışının edilməsi, yaradılan ən müasir infrastruktur böyük qürur hissi vurğulanır”.