
12–16 may 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki Zayed teatrında Manara Mərkəzinin təşkilatçılığı ilə “Birgəyaşayışın Səfirləri” layihəsinin finalçılarının layihələrinin geniş təqdimat mərasimi baş tutub.
Siyasetinfo.az xəbər verir ki, tədbirdə finalçılar dəvət olunmuş krallığın ailə üzvlərinin, səfirlərin, beynəlxalq təşkilatların nümayəndələrinin, din və dövlət nümayəndələrinin qarşısında öz layihələrini təqdim ediblər. Tədbiri Dr. Ali AlNuaimi giriş sözü ilə açaraq finalçıları təbrik edib, onları yetişdirən ailələrə və professorlara təşəkkürünü bildirib.
Qeyd edək ki, bu tədbirdə ilk dəfə olaraq Azərbaycandan olan gənclər də iştirak ediblər. Günay Heydərli, Ülkər İmanzadə və Günel Rəhimli “Tarixdən gələn müsbət tolerantlıq modeli ölkənin gələcəyinə necə təsir edir: Dini ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı tolerantlığın Azərbaycan modelinin təklif edilməsi” adlı layihənin yekun təqdimatını ediblər.
Əbu-Dabiyə 15 universitet arasından seçilərək finalçı kimi dəvət olunan komanda yekun təqdimatını uğurla təqdim edib. Final mərhələsində çıxış edən Günay Heydərli Azərbaycanın İslam, Xristianlıq və Yəhudilik irsinin bir arada mövcud olduğu Şərq və Qərbin qovşağındakı coğrafi mövqeyindən bəhs edib. Ardınca o, Səfəvi dövründəki tolerantlıq modelinin Vatikan arxivlərində saxlanılan təsvirlər və freskolar vasitəsilə necə sənədləşdirildiyini izah edib. Həmin dövrün missionerləri, fransız maarifçiləri və səyyahları tərəfindən bu modelin Avropada gedən dini münaqişələr fonunda nümunə kimi təqdim edildiyi vurğulanıb.
Komandanın digər üzvü Ülkər İmanzadə isə bu tədqiqatın gənclərə təsiri və onlar arasında keçirilən sorğular haqqında məlumat verib, sorğuların gənclərin digər xalqlara, dinlərə və mədəniyyətlərə tolerant və qərəzsiz yanaşdığını üzə çıxardığını bildirib:
“Bilirsiniz necədir, Azərbaycan həmişə çoxmillətli olub. Bu, bizə əvvəllər qazanc kimi görünmürdü. Amma indi biz baxırıq ki, bu, doğrudan da bir zənginlikdir. Bunu göstərmək lazımdır. Bu, bizim vizit-kartımızdır.
Multikulturalizm bizim üçün yalnız mədəniyyət məsələsi deyil, həm də milli təhlükəsizlik məsələsidir. Çünki mürəkkəb regionda yerləşirik və xarici ideoloji təhdidlərə qarşı tolerantlıq mühüm sipər rolunu oynayır”.
Xatırladaq ki, layihə 2024-cü ilin oktyabr ayından start götürüb. Məqsəd, dini münaqişələrin getdiyi dövrdə Azərbaycanın pozitiv tolerantlıq modelini kəmiyyət və keyfiyyət metodları əsasında tədqiq etmək, müxtəlif dövlət və din nümayəndələri ilə görüşlərin keçirilməsi və bu əsasda resursların yaradılmasıdır. Layihə çərçivəsində həm tarixi mənbələr əsasında tolerantlıq tarixi araşdırılıb, həm də gənclər arasında sorğular keçirilib. Alban-udi icmasının sədri Robert Mobili ilə görüş keçirilib. Layihənin sonunda tədqiqat işi çap olunub, broşur hazırlanıb və komanda Münhendə keçiriləcək beynəlxalq konfransa Səfəvi tolerantlıq modeli ilə bağlı təqdimat üçün dəvət alıb.
