
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Laçında Zirvə görüşündə iştirakı müasir tariximizin ən yaddaqalan hadisələrindən biri oldu. Bu üç qardaş ölkənin birlik, bərabərlik nümunəsinin nümayişi idi. Hər zaman bir-birinin yanında olan qardaş ölkələrin Azərbaycanın Müstəqillik günündə, Ermənistanın işğalından sonra dirçəldilən Qarabağ və Şərqi Zəngəzurda birlikdə olması vacib mesaj idi.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan xalqı üçün mühüm əlamətdar bir tarixdə qardaş ölkə başçılarının yanımızda olması bizim üçün qürurvericidir: “Laçın Azərbaycanımızın dilbər güşələrindən biri kimi 30 illik Ermənistanın işğalından və vandalizmindən qurtularaq yenidən dirçəlir. Artıq Laçınlılar öz evlərinə qayıdır. Cənab Prezidentin Laçına bu dəfəki səfərində də bir qrup laçınlıya yeni evlərinin açarları təqdim edildi. Bu sözsüz ki, 28 May Müstəqillik tariximizin ən qürurverici hadisələrindən biri kimi böyük anlam kəsb edir. Eyni zamanda Azərbaycanın 9-cu aeroportunun, Laçın beynəlxalq aeroportunun qardaş Türkiyə Prezidentinin iştirakı ilə açılışının edilməsi isə fəxarətlə vurğulanan məqamlardan oldu. Cənab Prezident İlham Əliyevlə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalından azad edilən Qarabağ və Şərqi Zəngəzurda açılışını etdiyi üçüncü beynəlxalq aeroport, Laçın aeroportu oldu. Bundan öncə Füzuli və Zəngilanda hər iki qardaş Liderlər aeroportların açılışını bərabər etmişdilər”.

Deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda üçüncü beynəlxalq aeroportun qısa zamanda açılışının edilməsi bu torpağın əsl sahiblərinin burada hansı xariqələr yaratdığını bir daha gözlər önündə canlandırır: “Bu gün qalib və suveren Azərbaycan öz tarixinin ən qürurlu dövrünü yaşayır. Dövlətimizin başçısı da Zirvə görüşündə çıxışında Azərbaycan-Türkiyə-Pakistan birliyindən, qardaşlığından məmnunluqla danışdı. Ölkəmizin başçısı qeyd etdi ki, bugünkü Zirvə görüşünün Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilməsi tarixi hadisədir. Sözsüz ki, bunun böyük rəmzi mənası var. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək xalqımızın yaddaşına əbədi həkk olunub. Eyni zamanda Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu isə xalqlarımızın birliyini təsdiqləyir”.
Məlahət İbrahimqızı hesab edir ki, Azərbaycan-Türkiyə-Pakistan birliyi bu gün özünün ən yüksək dövrünü yaşayır: “Üç qardaş ölkə bütün sahələrdə sıx əməkdaşlıq qura bilib. Ölkəmizin başçısının da qeyd etdiyi kimi “Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik. Həmçinin müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir”. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycan-Türkiyə və Pakistan birliyi sülhə, əməkdaşlığa, təhlükəsizliyə, bir-birinin maraqlarının daha aktiv şəkildə müdafiəsinə xidmət edir”.