
BAKI, 27 may, SİYASƏTİNFO
Bakıda “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyəti olduqca böyükdür. Konfrans BMT tərəfindən “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü”nün təsis olunmasının üçüncü ildönümünə həsr olunub. Ölkəmizdə artıq ənənəvi olaraq təşkil edilən bu vacib tədbir bəşəriyyəti narahat edən islamofobiya probleminə diqqətin artırılmasına xidmət edir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Bakıda “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə mühüm məqamlar öz əksini tapıb: “Bu bir reallıqdır ki, Azərbaycan islamofobiya ilə mübarizəyə dair BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnamələri alqışlayır və sənədlərdə qeyd olunan tədbirlərin təxirəsalınmaz qaydada həyata keçirilməsinə çağırış edir. Cənab Prezident də müraciətində islamofobiyanın son dövrdə qlobal müstəvidə daha qabarıq və sistematik xarakter almağa başladığını bir daha bəyan edib. Vurğulanıb ki, hazırda bu mənfi tendensiya hər hansı konkret ölkədə deyil, dünyanın bir çox yerlərində müşahidə olunur. İslama qarşı düşmənçilik, müsəlmanlara qarşı nifrət və dözümsüzlük, anti-islam əhvali-ruhiyyəsi getdikcə böyük vüsət almağa başlayır və daha da kəskinləşir”.

Deputat bildirib ki, islamofobiya müxtəlif formalarda özünü təzahür etdirir: “Gündəlik həyatda müsəlmanlara qarşı irqçilik və ayrı-seçkilik, nifrət nitqi, fiziki hücumlar, media və sosial media platformalarında olan təzyiqlər də buna misaldır. Sözsüz ki, bu cür ədalətsiz və qərəzli münasibət müsəlmanların cəmiyyətə inteqrasiya olunmalarına və özlərini onun bərabərhüquqlu üzvü kimi hiss etmələrinə böyük maneə yaradır. Vaxtilə qul ticarəti ilə məşğul olan, işğalçılıq və müstəmləkəçilik siyasəti yürüdən, soyqırımları törədənlər indi özlərini insan hüquqlarının keşiyində duran demokratik kimi təqdim edirlər. Bəziləri dünyəvi dəyərlərin müdafiəsi adı altında müsəlmanların hüquqlarını və etiqad azadlığını məhdudlaşdıran qanunlar qəbul edilir, onların təhsil almaq, mənzilə sahib olmaq, işlə təmin olunmaq və digər hüquqları tapdalanır”.
Məlahət İbrahimqızı vurğulayıb ki, cənab Prezidentin müraciətində qeyd etdiyi kimi islamofobiya ümumbəşəri bəlaya və təhlükəyə qarşı nəinki mübarizə aparılmır, hətta bir sıra ölkələrdə onun yayılması təşviq edilir: “İslam dinini və müsəlmanları Qərb kimliyinə və dəyərlərinə təhdid kimi göstərərək insanların hisslərini və düşüncələrini yönəltməyə çalışan radikal cərəyanların və ifrat sağçı partiyaların pərəstişkarlarının sayı getdikcə artır, onların nümayəndələri parlamentlərdə daha çox yer qazanmağa başlayırlar. Eyni zamanda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təsisatlar qərəz və ikili standartlara üstünlük verərək anti-müsəlman əhvali-ruhiyyəsini təlqin edirlər. İslamofobiyanın yayılmasına təkan verən digər faktorlardan biri də ictimai rəyin formalaşdırılmasında və müsəlmanların mənfi obrazının yaradılmasıdır. Bu xüsusda Azərbaycan islamofobiya ilə üzləşmiş və bu gün də ondan əziyyət çəkən ölkələrdən biridir. Torpaqlarımızın otuz illik işğalı dövründə xalqımıza qarşı Xocalı soyqırımı törədilmiş, etnik təmizləmə aparılmış və bunun nəticəsi olaraq bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə salınıb. Ərazilərimizdə milyona yaxın mina basdırılıb. Bu azmış kimi ölkəmizə qarşı ekosid cinayətləri törədilib. Təəsüf ki, bəzi Qərb dairələri sırf dini təəssübkeşlik və islamofob mövqedən çıxış edərək Ermənistan tərəfindən torpaqlarımızın işğalına göz yummuş, münaqişənin əsl mahiyyətini təhrif etmiş, onu dini zəmində münaqişə kimi təqdim etməyə çalışırlar. Bu baxımdan da hazırkı qlobal çağırışlar və böhranlar, İslam dünyasının üzləşdiyi yeni sınaqlar və çətinliklər, islamofobiya meyillərinin artması fonunda həmrəylik nümayiş etdirmək olduqca önəmlidir”.