
Prezident İlham Əliyevin Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı tarixi əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış 71 bənddən ibarət Bəyannamə türk xalqlarının birliyinin daha da güclənməsinə xidmət edir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən Prezident İlham Əliyev çıxışında olduqca vacib mesajlar verib: “Ölkəmizin başçısı çıxışında Azərbaycanla Macarıstan əlaqələrin xarakterindən və TDT-nin qarşısında duran ümumi vəzifələrdən bəhs edib. Keçən il Azərbaycanın təşəbbüsü ilə TDT-nin Şuşada ilk qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi də Zirvə görüşündə bir daha vurğulanıb. Bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşünün Budapeştdə təşkilinin vacibliyi diqqətə çatdırılıb. Azərbaycanın bu il Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcəyi məmnunluqla Zirvə toplantısında qeyd edilib. Azərbaycan təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğu, eyni zamanda bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının ümumi hədəflərə xidmət etdiyi söylənilib. Sözsüz ki, Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanan 71 bəndlik Bəyannamədə türk xalqlarının birliyinə mühüm töhfə olacaq. Bununla TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyi bir daha öz təsdiqini tapır. “Türk Dünyası Xartiyası”nın imzalanması, TDT-nin İşçi Qrupunun yaradılması da əhəmiyyətli addım idi. “Qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi “Bakı Prosesi”nin uğuru, Türk İnvestisiya Fondunun və Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində Azərbaycanın həyata keçirdiyi təşəbbüslər Zirvə toplantısında bir daha bəyan edilib”.
Deputat bildirib ki, TDT-yə üzv dövlətlərin hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Sazişin qüvvəyə minməsi də mühüm uğur idi: “Türk dövlətləri arasında qarşılıqlı anlaşma, həmrəylik və ortaq gələcəyə yardım etmək məqsədi daşıyan mədəni və humanitar əlaqələrin gücləndirilməsi də olduqca önəmlidir. Bu istiqamətdə mədəniyyətlərarası körpü və ümumbəşəri dəyərlərin rəmzi kimi çıxış edən Novruzun transmədəni mahiyyəti ifadə edilərək onun Təşkilat çərçivəsində qeyd olunması haqqında qərar da tarixi əhəmiyyət kəsb edir. Azərbaycanın 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməsi isə ölkəmizin bu təşkilatın nüfuzunun daha da artmasında olan birmənalı mövqeyinin ifadəsi kimi izah oluna bilər”.
Məlahət İbrahimqızı ölkəmizin başçısının Zirvə toplantısında həmçinin təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfransın keçirilməsinin tarixi əhəmiyyətini də diqqətə çatdırdığını söyləyib: “Ölkəmiz cəmi 11 aya 197 ölkədən 77 min iştirakçının qatıldığı COP29-un ən yüksək səviyyədə keçirilməsini təmin etdi. Konfransda 70 dövlət və hökumət başçısının iştirakı ilə Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında körpü yaratmaqla, Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarların qəbuluna da nail olundu. Bu sözsüz ki, COP29 tarixinə “Bakı sıçrayışı” kimi daxil olub. Azərbaycan, Qazaxıstan və Özbəkistan Prezidentləri tərəfindən COP29 çətçivəsində yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişinin imzalanması isə mühüm uğurlardan biri oldu”.