
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfəri münasibətlərin inkişafında olduqca önəmlidir. İki ölkə Lideri arasındakı dostluq və səmimiyyət sözsüz ki, münasibətlərin də inkişafında mühüm rol oynayır. Bu mənada Azərbaycan-Macarıstan münasibətləri hazırda özünün mühüm dövrünə qədəm qoyub. Sözsüz ki, yüksək səviyyəli qarşılıqlı səfərlər də bu baxımdan təsirlidir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat Azərbaycan-Macarıstan münasibətlərinin son 20 ildə inkişaf dinamikasına diqqət çəkib: “Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın mətbuata verdiyi birgə bəyanatlarda da ölkələrimiz arasındakı əlaqələrin xarakterindən bəhs olunub. Ölkələrimiz arasındakı tarixi bağlardan, bir çox istiqamətlərdəki oxşarlıqlardan, son dövrlər münasibətlərin yüksələn xəttlə inkişafından danışılıb.

Azərbaycan II Qarabağ müharibəsi nəticəsində özünün ərazi bütövlüyünü təmin edib. Ölkəmiz məhz BMT-nin Nizamnaməsinə uyğun olaraq buna nail olub. Cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi biz öz ərazimizdə müharibə aparmışıq. Ermənistanın 30 illik işğalına son qoymuşuq. 44 gün ərzində Azərbaycan BMT-nin Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü, 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə suverenliyini təmin edib.
Hazırda Azərbaycanın Ermənistanla sülh təşəbbüsünün də müəllifinin məhz ölkəmiz olduğunu vurğulanıb. Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalı və ATƏT-in Minsk Qrupundan imtina edilməklə fundamental sülh sazişinin imzalanması mümkün olacaq. Amma bütün bu təşəbbüslərə baxmayaraq Ermənistan özünün havadarlarına arxalanaraq sülh prosesini uzatmaqla məşğuldur”.

Məlahət İbrahimqızı həmçinin ölkəmizin başçısının səfərində Azərbaycanla Macarıstan arasındakı energetika sahəsində uğurlu əməkdaşlığın müzakirə edilən mövzular sırasında olduğunu bildirib: “Uğurlu enerji əməkdaşlığının nəticəsi olaraq ötən ildən etibarən Macarıstana təbii qazın ixracına başlanılıb. Bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası tərəfindən Azərbaycanın Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi dəyərləndirilməsi uğurlu enerji diplomatiyasının bariz nümunəsidir.

Eyni zamanda yaşıl enerji gündəliyi ilə bağlı da ölkələrimiz qarşısında mühüm hədəflər mövcuddur. Bütün bunlarla yanaşı Azərbaycanla Macarıstan digər məsələlərdə iki dost və tərəfdaş ölkə kimi fəaliyyət göstərir.
Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının (TDT) ikinci qeyri-rəsmi Zirvə görüşü keçirilib. Birinci Zirvə görüşü isə ötən il Şuşa şəhərində keçirilmişdi. Azərbaycanın təşəbbüsü ilə reallaşan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşləri artıq ənənəyə çevrilir”.