
Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı zəngin təəsüratlarla yadda qaldı. Azərbaycan Prezidentinin Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər, aparılan müzakirələr, ölkəmizə və onun Liderinə göstərilən yüksək səviyyəli münasibətlər həyata keçirilən uğurlu siyasətin məntiqi sonluğu kimi də izah olunur. Çünki qalib, ərazi bütövlüyünü, suverenliyini, eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququ təkbaşına təmin etmiş Azərbaycan bu gün regional və qlobal miqyasda aparıcı faktor kimi çıxış edir. Azərbaycanın BMT-dən sonra mühüm mötəbər təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29 kimi beynəlxalq tədbirə yüksək səviyyəli ev sahibliyi, bunun fonunda Bakının ev sahibliyi ilə dünya ictimaiyyəti üçün olduqca vacib olan məsələlərin və təşəbbüslərin irəli sürülməsi, reallaşması ölkəmiz üçün yeni imkanlar açır. Bu mənada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında Azərbaycan Prezidentinə yüksək diqqət mövcud idi.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, cənab Prezident İlham Əliyev Zirvə toplantısı çərçivəsində qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bir çox ölkə liderləri, hökumət başçıları, nüfuzlu şəxslər və siyasətçilərlə görüşləri böyük maraqla izlənilib: “Sözsüz ki, Azərbaycan-Türkiyə qardaşlığı bütün platformalarda olduğu ki “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında özünün xarakterini bir daha nümayiş etdirdi. Eyni zamanda ölkəmizin başçısı Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü də vacib müzakirələrin aparılması ilə yadda qaldı. Görüş zamanı Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacına olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini dedilər. Bu Azərbaycanın Avropa məkanı üçün də vacib aktor olduğunu bir daha təsdiq etmiş olur. Reallıq odur ki, bu gün Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu böyük maraqla izlənilir. Bununla yanaşı, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu olduqca önəmlidir”.

Deputat “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimində Prezident İlham Əliyevin iştirakından bəhs edib: “Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edib. Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunub. Bu gün “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir”.
Məlahət İbrahimqızı Tiranada Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniyanın Baş naziri Edi Rama arasında görüşün də əhəmiyyətinə toxunub: “Görüşdə dövlətimizin başçısı “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının uğurla təşkil edilməsi münasibətilə Baş nazirə təbriklərini çatdırıb. Söhbət zamanı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin xüsusilə enerji sahəsində inkişafından, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Albaniyanın Korça şəhərinin Azərbaycan qazı ilə təchiz edilməsi layihəsinin önəmi vurğulanıb. Azərbaycan Prezidenti və Albaniyanın Baş naziri ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşüb. Görüşdə iki ölkə arasındakı hazırkı sülh və bundan irəli gələn mövzuların müzakirə edildiyi açıqlanıb. Bununla yanaşı ölkəmizin başçısının toplantı çərçivəsində səmimi ortamda apardığı görüşlər, dialoqlar Azərbaycana Avropa və dünya miqyasında artan münasibətin göstəricisi hesab edilir”.