
ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası (USCIRF) iyunun 5-də Azərbaycandakı vəziyyətlə bağlı virtual dinləmələr keçirəcək. Dinləmələrdə “erməni mədəni irsinə” dair məsələlər gündəlikdə olacaq. Sözsüz ki, bu növbəti dəfə ikili standartların, ayrıseçkiliyin bariz nümunəsidir. Çünki 30 il ərizndə əraziləri Ermənistan tərəfindən işğalda saxlanılan və bu ərazilərdə bütün mədəni, tarixi, dini, irsi, abidələri məhv edilən Azərbaycan xalqı olub. İşğal dövründə bu ərazilərdə mövcud olan 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə məhv edilib, iki məscidin isə ancaq hərbi təyinatlar üçün istifadə edilməsi faktları mövcud olub.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanlılara məxsus bütün mədəni abidələr, tarixi və dini ocaqlar, məscidlər, həmçinin bu ərazilərdə mövcud olan alban xristian icmasına aid kilsə və sinaqoqlar ermənilər tərəfindən barbarlığa məruz qalıb: “Erməni vandalları bu ərazilərdə nəinki hansısa dini ibadət yerini, daşı-daş üstündə qalmağa belə imkan verməyiblər. Özlərini xristian təəşübkeşi kimi qələmə verənlər Ermənistan dövləti tərəfindən bu ərazilərdə məhv edilən xristian abidələrinin taleyi ilə bağlı da nədənsə susurlar. Bütün bunlar sözsüz ki, islamafobiya, azərbaycanfobiya və türkəfobiya ilə bağlıdır. Məqsəd verilən sifarişləri icra etməkdən ibarətdir”.

Deputat vurğulayıb ki, erməni işğalı dövründə ən iyrənc vandallığa məhz Azərbaycanın dini-mədəni abidələri məruz qalıb: “Qarabağda 67 məsciddən 65-ni dağıdılan, quru divarları qalan “Allah evlərində” isə donuz, inək saxlayanlar ermənilər olub. Təəsüf ki, rəsmi Bakının çoxsaylı müraciətlərinə rəğmən, rəhbəri fransız və qatı türkofob olan YUNESKO bu günədək həmin faktlara görə hansısa mövqe açıqlamayıb. Erməni lobbisinin diktəsi ilə Azərbaycana qarşı ictimai-siyasi, diplomatik müstəvilərdə apardıqları təbliğatla heç nəyə nail ola bilməyənlər, indi məhz din faktoru üzərində rəsmi Bakının mövqeyinə təsir edəcəklərini düşünürlər. Ümid edirlər ki, həssas məsələlər üzərində qurduqları oyunlar onların hədəflərinə çatmasına imkan verəcək. Amma sözsüz ki, yanılırlar. Azərbaycan xalqı 30 ildir ki, bu kimi təşkilatların mahiyyətini aşkara çıxarıb. Ona görə də, erməni lobbisinin maraqlarına xidmət edən növbəti cəhdləri də uğursuz olacaq”.