
Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam Muğam Mərkəzinin açılışında iştirakı xalqımızın tarixində əlamətdar hadisə idi. Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Sözsüz ki, möhtəşəm Ağdam Muğam Mərkəzi Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkəmizdə muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir: “Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb. Cənab Prezident İlham Əliyev də Ağdam Muğam Mərkəzinin açılışdakı çıxışında olduqca vacib məqamlara toxundu. Baş verən bu hadisə fonunda ölkəmizin tarixində çox gözəl bir gün kimi dəyərləndirən dövlətimizin başçısı dirçələn Ağdam şəhərində Muğam Mərkəzinin açılışı münasibəti ilə xalqımıza öz səmimi təbriklərini çatdırıb. Dövlətimizin başçısının da vurğuladığı kimi bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Cənab Prezident bildirib ki, “Ulu Öndər Heydər Əliyevin doğum günündə Onun üçün və hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır. Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilib və bugünkü Azərbaycan onun əsəridir”.
Deputat Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq-bərpa işlərinin getdiyini və bunun bariz nümunəsi kimi möhtəşəm Ağdam Muğam Mərkəzinin tikilib istifadəyə verildiyini söyləyib: “Bu gün Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır. O cümlədən Ağdam şəhərində də bunu görmək mümkündür. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır. İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan edib. Bu gün isə bizim gözlərimizin önündə Ağdam yenidən qurulur. Dövlətimizin həyata keçirdiyi uğurlu inkişaf konsepsiyası bu bölgələrimizdə də özünü daha ayın şəkildə göstərir. Bütün bunlar Qarabağ və Şərqi Zəngəzurun qısa zamanda cənnət-məkan bir diyara çevriləcəyinə əminlik yaradır”.