
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri tarixi əhəmiyyətə malikdir. Vyetnam-Azərbaycan əlaqələrinin inkişafında bu səfərin rolu böyük olacaq. Aparılan müzakirələr, əldə edilən razılaşmalar, imzalanan sənədlər də bu səfər haqqında zəngin təəsürat formalaşdırmağa imkan verir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun fikrincə, Azərbaycan-Vyetnam münasibətləri artıq yeni müstəviyə yüksəlib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mətbuata vermiş olduğu bəyanatlar da bunu təsdiq edir. Azərbaycanla Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat iki ölkə arasındakı əlaqələrin mahiyyətini nümayiş etdirir. Bu mənada iki dövlət arasında Starteji Tərəfdaşlıq haqqında Birgə Bəyanat münasibətlərin xarakterinə çox ciddi şəkildə təsir edəcək. Yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də vacib rol oynayır. Həmçinin iki ölkə arasında imzalanmış bir çox istiqamətlər üzrə sənədlər əməkdaşlıq üçün yaxşı imkanlar açır.

Sözsüz ki, Azərbaycanla Vyetnan arasında ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq üçün geniş imkanlar var. Bununla yanaşı energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr də yaxın gələcəkdə bu sahədə əməkdaşlığın daha da genişlənməsindən xəbər verir. Vyetnam və Azərbaycan arasında əldə edilən razılaşmaya əsasən qarşılıqlı sərmayə qoyuluşu məsələləri də reallaşmış olacaq. Bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı da iki ölkə arasında mühüm investisiya layihələri səfər çərçivəsində gündəlikdə olan mövzular sırasında olub”.

Məlahət İbrahimzı hesab edir ki, Azərbaycanla Vyetnam arasında bütün istiqamətlərdə olduğu kimi müdafiə sənayesi istiqamətində də perspektivlər var: “Eyni zamanda iki ölkə hər zaman beynəlxalq təşkilatlarda bir mövqedən çıxış edib. Vyetnamın BMT Təhlükəsizlik Şurasında ölkəmizə olan ciddi dəstəyi bu xüsusi da qeyd olunmalıdır. Ölkələrimiz Qoşulmama Hərəkatı çərçivəsində də vacib əməkdaşlıq qura bilib. Bu baxımdan da Azərbaycan-Vyetnam münasibətlərinin yeni mərhələyə yüksəlməsində baş katibin ölkəmizə səfərinin tarixi əhəmiyyəti olduqca böyükdür”.