
Prezident İlham Əliyev 2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibəsində olduqca mühüm məqamlara toxunub. Azərbaycan Çin əlaqələrinin hazırkı durumu və digər mövzulara aid suallara ölkəmizin başçısı tam dolğun cavablar verib. Vurğulanıb ki, Azərbaycanla Çin arasında münasibətlərin xarakteri Strateji Tərəfdaşlıq Haqqında Bəyannamənin imzalanması ilə özünün növbəti mərhələsinə yüksəlmiş olub.
Bu sözləri Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyib.
O qeyd edib ki, Azərbaycan-Çin əlaqələri daha yüksək səviyyəyə qalxır: “Azərbaycan Prezidentinin Çinə səfəri aparılan müzakirələr, əldə edilən razılaşmalar iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəlməsinin əyani təzahürüdür. Prezident İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında olan səmimi münasibətlər bu mənada xüsusi önəm kəsb edir. Məhz bunun nəticəsidir ki, ölkəmizin başçısı Çinə səfəri zamanı bir çox sahəni əhatə edən 20-dən artıq sənədin imzalanması qarşıda böyük hədəflərin durduğunu təsdiq edir”.

Deputat bildirib ki, Azərbaycanla Çin milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir: “Eyni zamanda ölkələrimiz bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Bu Azərbaycan dövlətinin “Vahid Çin” siyasətinə olan birmənalı mövqeyidir. Azərbaycanla Çin arasındakı əlaqələr ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir. Bu bir reallıqdır ki, iki dövlət arasında imzalanan Bəyannamə mühüm nailiyyət hesab edilir. Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz önündədir. Ölkəmizin başçısı müsahibəsində də məhz bu amilləri bir daha önə çəkib. Eyni zamanda Azərbaycan Çin sədrinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Bu ölkələrimiz arasındakı mehriban dostluğun və səmimi münasibətin təzahürüdür”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Prezident İlham Əliyev müsahibəsində həmçinin Azərbaycanın Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və ona qoşulmuş ilk ölkələrdən biri olduğunu qeyd edib: “Sözsüz ki, iki ölkə arasındakı münasibətlərin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri olduqca böyükdür. Ulu öndərin Prezident olanda ilk səfərlərindən birini Çinə etməsi bu mənada xüsusi ilə qeyd olunmalıdır. Təbii ki, Çin bu gün dünyada özünün inkişaf dinamikasına görə öndə gedən ölkələrdən biri kimi Azərbaycanla da əməkdaşlığa xüsusi önəm verir. Bu gün Azərbaycan Cənubi Qafqazın çiçəklənən lider ölkəsi kimi regional və qlobal miqyasda aparıcı mövqeyə malikdir. Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən sonra regionda yeni bir reallıq yaranıb. Bu reallıq inkişafı, əməkdaşlığı təşviq edir. Çin kimi böyük dövlətlər üçün Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla əlaqələri daha da sıxlaşdırmaq olduqca önəmlidir. Orta dəhliz konsepsiyası, “Bir kəmər, bir yol” kimi qlobal əhəmiyyətli layihələrin mühüm həlqələrindən və aparıcı tərəflərindən biri də məhz Azərbaycandır. Bu isə Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş düzgün və hədəfli strategiyaya əsaslanan siyasətin nəticəsində mümkün olub”.