
“Amnesty International” kimi təşkilatlar Azərbaycan əleyhinə qərəzli bəyanatlar səsləndirməkdə, qətnamələr qəbul etməkdə davam edir. Ölkəmizə qarşı hər zaman riyakar mövqe sərgiləməkdə davam edən “Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatının bu günlərdə həqiqətdən uzaq olan hesabatı buna misaldır. Təşkilat növbəti dəfə ermənipərəst mövqedən çıxış edib.
Bu sözləri Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanı Qarabağ ermənilərinin hüquqlarını pozmaqda ittiham absurddur: “Amma bu təşkilat bir dəfə də olsun azərbaycanlıların fundamental hüquqları ilə bağlı məsələləri öz hesabatına salmayıb: “Ermənilərin və hərbi canilərin müdafiəsinə qalxan bu beynəlxalq təşkilat ancaq birtərəfli qaydada proseslərə yanaşma sərgiləyir. Halbuki BMT-nin faktaraşdırıcı missiyası bölgədə monitorinq aparıb və heç bir erməninin hüquqlarının pozulması ilə bağlı fakta rast gəlməyib”.

Deputat hesab edir ki, “Amnesty International” öz “hesabatında” azərbaycanlıların ermənilər tərəfindən etnik təmizləməyə, soyqırımına məruz qalmasına diqqət etməməsi onun qərəzli mövqeyi ilə bağlıdır: “Nədənsə bu təşkilat Ermənistandan zorla qovulmuş azərbaycanlının qayıdış məsələsinə diqqət ayırmır. Həmçinin I Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının sonrakı taleyi ilə bağlı bu təşkilat heç bir təşəbbüs göstərməyib”.
Məlahət İbrahimqızı bildirib ki, bu gün ermənilərin ərazilərimizə basdırmış olduğu minalar günahsız insanların həyatını itirməsinə, ciddi xəsarətlər almasına səbəb olur: “Minadan ən çox əziyyət çəkən ölkə kimi Azərbaycana bu gün heç bir beynəlxalq təşkilatdan dəstək yoxdur. Ölkəmiz ancaq öz imkanları hesabına 30 ilə yaxın Ermənistan tərəfindən ərazilərə basdırılmış minaların təmizlənməısi ilə yanaşı quruculuq-bərpa işlərini həyata keçirir. Bu isə sözsüz ki, çətin proses olmaqla yanaşı vaxt aparan bir məsələdir. Əgər “Amnesty International” insan hüquqlarına önəm vermək niyyətindədirsə, hər an ərazilərimizdə partlayan minaların yaratdığı insan faciələrinə reaksiya verib, Ermənistan dövlətini buna görə qınamalı və ondan dəqiq mina xəritələrinin ölkəmizə verilməsini təşviq edən bəyanatlar yaymalıdır”.