
Ermənistan tərəfi bu gün sülh prosesini uzatmaqla məşğuldur. Belə olmasa idi Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində əldə edilən razılaşmadan sonra erməni tərəfi daha iki tələbin icrasına başlayardı. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün ATƏT-in Minsk Qrupundan imtina edilməli və Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır.
Bu sözləri Yeni Azərbaycan Partiyasının üzvü, VI çağırış Milli Məclisin deputatı Aqil Məmmədov Azərbaycanla Ermənistan arasındakı hazırkı sülh prosesi ətrafında baş verən məsələləri şərh edərkən deyib.
Onun fikrincə, rəsmi İrəvanın sülh prosesinə paralel olaraq qoşmağa çalışdığı məsələlər tamamilə əsassızdır: “Bu günlərdə Estoniyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan yekun sülh sazişi ilə yanaşı ATƏT-in Minsk Qrupunun də ləğvi məsələsinin paralel şəkildə həllinin mümkünlüyünü iddia edib. Görünən odur ki, rəsmi İrəvan Minsk Qrupunu gərginlik yaratmaq və öz iddialarını ortaya qoymaq üçün sülh prosesi ilə sinxronlaşdırmağa çalışır. Bu isə yolverilməzdir və rədd edilir. Çünki 30 illik keçmiş münaqişə dövründə Minsk Qrupu prosesin həlli istiqamətində heç bir müsbət addımı ilə xarakterizə edilməyib. Ona görə də indiki halda Minsk Qrupunun ləğvi ilə bağlı Bakının irəli sürdüyü şərtlər yerinə yetirilməlidir”.
Aqil Məmmədova görə, Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılması ilə bağlı erməni cəmiyyəti öz mövqeyini ifadə etməlidir: “Ermənistan cəmiyyəti Azərbaycana qarşı düşmənçiliyə, ərazi iddiasına dair olan məsələlərə son qoymalıdır. Ancaq bu halda əsaslı sülh müqaviləsindən danışmaq olar. Azərbaycanın da əsas tələbi ondan ibarətdir ki, konstitusiya dəyişikliyi ilə bağlı Ermənistan tərəfi konkret addım atmalıdır”.