
Fransanın ermənipərəst siyasəti onun regional və qlobal miqyasda nüfuzuna zərbə vurur. Erməni lobbisinin diktəsi ilə hərəkət edən Fransa prezidenti Emmanuel Makronun siyasəti şəxsi maraqlar üzərində qurulub. Bu mənada bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə maneçilik törədilməsi ölkənin suverenliyinə müdaxilə cəhdidir. Fransanın proseslərə bu cür müdaxiləsi cinayətkarları qorumaqla, cəzasızlığın davamına xidmət edən mövqeyi təəsüflə qarşılanır.
Bu sözləri Siyasətinfoya Yeni Azərbaycan Partiyasının üzvü, VI çağırış Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, rəsmi Paris Azərbaycanın daxili işlərinə qarışmamalı və beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır: “Azərbaycan ərazilərində uzun 10 illiklər hərbi cinayətlər törətmiş şəxslərin müdafiəsinə qalxmaq həmin cinayətlərə şərik olmaq deməkdir. 30 il ərazində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanın ərazilərində soyqırım, etnik təmizləmə, vandallıq, barbarlıq törətmiş Ermənistanla bağlı Fransa bir dəfə olsa səsini çıxartmayıb. Bu gün isə rəsmi Paris Bakıda mühakimə edilən hərbi canilərin müdafiəsinə qalxmaqla özünün mahiyyətini ortaya qoyur”.

YAP üzvü bildirib ki, Fransa digər ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə dənizaşırı ərazilərdə və Afrikada həyata keçirdiyi neokolonial siyasətindən imtina etməlidir: “Bu gün Fransız neokolonializmi yerli əhalini və resurslarını istismar edir. Eyni zamanda rəsmi Paris öz maraqları naminə uzunmüddətli qeyri-sabitlik və etnik gərginlik yaratmaqla məşğuldur. Bütün bunlar onu sübut edir ki, Fransanın xarici siyasəti və elan etdiyi “sivilizasiya missiyası” artıq iflasa uğrayıb”.
Aqil Məmmədov həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun və təşkilatın Almaniyadan olan üzvü Frank Şvabenin ölkəmiz əleyhinə absurd ittihamlarına da münasibət bildirib.
Vurğulayıb ki, erməni lobbisinin maliyyəsi ilə hərəkət edən Şvabe özünün ənənəvi anti-Azərbaycan ritorikasından əl çəkə bilmir. AŞPA təmsilçiləri və Şvabe kimi ermənipərəstlərin Azərbaycana qarşı davamlı riyakar yanaşmaları onların əsl mahiyyətini ortaya qoyur. Şvabenin Azərbaycanda siyasi müxalifət və parlamentdə təmsilçilik mövzularına aid vermiş olduğu əsassız açıqlamalar onun asılı olduğu dairələrin vermiş olduğu təlimatların nəticəsi olaraq ortaya çıxır. Amma Şvabe kimi şəxslərin Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri qəbuledilməzdir və qətiyyətlə rədd edilir”.
Qeyd edək ki, 2024-cü ilin yanvarın 24-də Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bunun AŞPA-dan Azərbaycana qarşı qeyri-obyektiv qərarların verilməsi ilə bağlı olduğu açıqlanıb.