
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddiaların ardınca təşkilatın Almaniyadan olan üzvü Frank Şvabe növbəti dəfə ölkəmiz əleyhinə absurd ittihamlarla çıxış edib. Erməni lobbisinin yedəyindən bir an belə olsun ayrılmayan Şvabe davamlı şəkildə Azərbaycanı hədəf alan mövqe sərgiləyir. Onun ancaq erməni lobbisinin diktəsinə uyğun hərəkət etməsi bir dəfə də olsun Ermənistanla bağlı hansısa cümləni işlətməməsi haqlı suallar yaradır. Görünür ki, Şvabe ancaq öz maraqları müstəvisində ölkələrə dair “bəyanatlar” verməklə məşğuldur.
Bu sözləri Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, AŞPA-nın Azərbaycana qarşı olan əsassız iddiaları fonunda ölkəmiz bu qurumla əməkdaşlığını dayanadırıb: “Amma erməni lobbisinin müəyyənləşdirmiş olduğu xəttdən kənara çıxa bilməyən AŞPA təmsilçiləri və Şvabe kimi ermənipərəst şəxslər Azərbaycana qarşı davamlı olan şər və böhtan atacaqları ilə bağlı sanki öhdəlik götürüblər. Bu mənada Şvabenin Azərbaycanda siyasi müxalifət və parlamentdə təmsilçilik mövzularına aid vermiş olduğu əsassız açıqlamalar ölkəmizin daxili işlərinə açıq müdaxilə cəhdidir”.
Deputat hesab edir ki, Azərbaycan dünya birliyinin layiqli üzvü kimi özü müstəqil siyasət yürüdür və heç bir dövlətə və ya şəxsə daxili işlərinə qarışmağa imkan vermir: “Bu kontekstdə Şvabenin davamlı olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri qəbuledilməzdir. Bu şəxs bütün siyasi fəaliyyətini az qala Azərbaycana qarşı yönəldib. Çünki maliyyələşdiyi dairələr ondan məhz belə bir performans tələb edir. Hətta bir qədər yumşaq bəyanatlara görə, ona verilən qonorarın həcmi azaldılır. Bu baxımdan da Şvabe kimi şəxslər Azərbaycanla təhdid və hədə dilində danışmaq əvəzinə özlərinin necə çirkaba batdıqlarının fərqində olmalıdırlar”.
Qeyd edək ki, 2024-cü ilin yanvarın 24-də Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bunun AŞPA-dan Azərbaycana qarşı qeyri-obyektiv qərarların verilməsi ilə bağlı olduğu açıqlanıb.
Həmçinin AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər təşkilat üzvləri kimi Frank Şvabe və Teodoros Rusopulosun da adı qara siyahıya daxil edilib.