
İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. Bu səfər sözsüz ki, iki qonşu ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək. Bakı-Tehran əlaqələrində artıq yeni bir dönəm başlayır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında keçirilən görüşlərin, müzakirə edilən məsələlərin və imzalanan sənədlərin də münasibətlərin bundan sonrakı inkişafında rolu və təsiri böyük olacaq.
Bu sözləri YAP üzvü, VI çağırış Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın mətbuata vermiş olduğu birgə bəyanatında da olduqca vacib mesajlar səsləndirilib: “Prezident İlham Əliyevin də vurğuladığı kimi İran Prezidentinin ölkəmizə səfəri Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına töhfə verəcək. Xalqlarımız əsrlər boyu mehriban qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlər də məhz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan-İran strateji münasibətlərinin əhəmiyyəti böyükdür. Dövlətimizin başçısının da vurğuladığı kimi hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır”.

YAP üzvü bildirib ki, İran Prezidentinin ölkəmizə böyük heyətlə gəlməsi və bir çox önəmli sənədlərin imzalanması da qarşıda duran vəzifələrin xarakterini nümayiş etdirir: “Tehran Bakı ilə əlaqələri daha da inkişaf etdirmək niyyətindədir. Bu Azərbaycanın bölgədə güclənən və qlobal miqyasda artan mövqeyi ilə izah olunur. Prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha münasibətlərin perspektivini təsdiq edir. Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstək verib. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində Azərbaycan və İran bir-birinin yanında olub və bundan sonra da bu münasibətlər davam edəcək”.
Aqil Məmmədova görə, Azərbaycan-İran əlaqələrində regional təhlükəsizlik məsələləri mühüm önəm kəsb edir: “Çoxtərəfli əməkdaşlıq üçün də ölkələr arasında yaxşı şərait var. Ticarət əlaqələrinin inkişafı ilə bağlı ölkə başçıları tərəfindən konkret mövqe sərgilənib. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar oldu. Sözsüz ki, burada əsas məqsəd Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdan ibarətdir. Ölkələrimiz arasında olan humanitar, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi də qarşılıqlı əməkdaşlıq üçün faydalıdır”.