
İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki qonşu ölkə arasında münasibətlərin inkişafında və əlaqələrin yeni mərhələyə yükləsməsində olduqca təsirli rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında keçirilən yüksək səviyyəli görüşlər, aparılan müzakirələr, imzalanan sənədlər Bakı-Tehran münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı İran Prezidentinin ölkəmizə səfərinin əhəmiyyətini şərh edərkən deyib.
Onun fikrincə, Azərbaycanın regionda olan mövqeyi qonşu və tərəfdaş dövlətlər üçün də əlavə imkanlar yaradır: “Bu mənada İran Prezidentinin səfəri Azərbaycanla münasibətlərlə, paralel regional əməkdaşlıq üçün də yaxşı imkanlar vəd edir. Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian da mətbuata vermiş olduğu birgə bəyanatlarda olduqca vacib məqamlara toxunub, mühüm mesajlar səsləndiriblər. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi İran Prezidentinin ölkəmizə səfəri Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlər də məhz bu möhkəm təməl üzərində inkişaf edir. Sözsüz ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürü hesab edilir”.

Deputat Azərbaycan-İran strateji münasibətlərininin əhəmiyyətindən bəhs edib: “Ölkəmizin başçısının da qeyd etdiyi kimi əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Bu mənada İran Prezidentin ölkəmizə böyük heyətlə gəlməsi və bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha münasibətlərin perspektivi haqqında aydın təsəvvürlər yaratmağa imkan verir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ənənəvi olaraq dəstəkləyir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində Azərbaycan və İran daim bir-birinin yanındadır”.