
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri yaddaqalan olmaqla yanaşı, tarixi xarakterə malik idi. Dövlətimiz başçısına və nümayəndə heyətinə göstərilən yüksək hörmət iki ölkə arasında münasibətlərin hansı səviyyədə inkişaf etdiyini təzahür etdirir. Bu gün Azərbaycan-Çin münasibətləri özünün ən yüksək mərhələsinə çatıb. Sözsüz ki, Çin Xalq Respublikasında Azərbaycan Prezidentinə göstərilən diqqət ölkəmizə, onun Liderinə, həyata keçirilən siyasətə olan münasibətin göstəricisi hesab edilir.
Bu sözləri Azərbaycan Prezidentinin Çinə səfərinin tarixi əhəmiyyətini şərh edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun fikrincə, Azərbaycanla Çin arasında imzalanan sənədlər münasibətlərin daha da inkişafına zəmin yaradacaq: “Bu mənada Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərinin münasibətlərin inkişafına təsiri olduqca böyükdür. Azərbaycan Prezidentinin Çində yüksək səviyyədə qarşılanması, aparılan müzakirələr, keçirilən mühüm görüşlər də bunun təzahür etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu xüsusda Prezident İlham Əliyev və Sədr Si Cinpin Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalaması iki dövlət arasında əlaqələrdə yeni bir dövrün başladığını təzahür etdirir”
Deputat hesab edir ki, Azərbaycan-Çin əlaqələri son illərdə inkişaf dinamikasına malikdir: “Ölkələrimiz arasında iqtisadi, siyasi və strateji sahələrdə əməkdaşlıq da mühüm önəmə malikdir. Əlaqələrin inkişafı regional sabitlik və qlobal əməkdaşlıq baxımından əhəmiyyətli rol oynayır. Bu kontekstdə Azərbaycan Çin Xalq Respublikasının sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri kimi vacib rola malikdir. Orta Dəhlizin Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrut kimi qlobal rolunu nəzərə alsaq bu olduqca əhəmiyyətlidir. Bütün bunlar Azərbaycan və Çin arasında münasibətlərin artıq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqlədi. İki ölkə yalnız iqtisadi deyil, eyni zamanda siyasi, humanitar və təhlükəsizlik sahələrində də bir-birinə daha sıx bağlıdır. Qlobal və regional təşəbbüslərdə, xüsusilə də “Orta Dəhliz” kimi qlobal əhəmiyyətli nəqliyyat layihələrində əməkdaşlığın gücləndirilməsində bu səfərin təsiri olduqca böyükdür. Azərbaycanın geostrateji mövqeyi və nəqliyyat infrastrukturuna etdiyi böyük sərmayələr Çin tərəfindən yüksək qiymətləndirilir. Çin şirkətlərinin Azərbaycanda bərpa olunan enerji, sənaye və texnologiya sahələrində artan marağı əməkdaşlıq üçün yeni imkanlar açmış olur”.
Məlahət İbrahimqızına görə, COP29-la bağlı Azərbaycanın uğurları və ölkəmizin Qlobal Cənubun maraqları da səfər çərçivəsində diqqət edilən mövzular sırasında olub: “Çin Prezidentinin Azərbaycan Prezidentini həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərə rəsmi dəvət etməsi ölkələrimiz arasında olan yüksək səviyyəli münasibətləri təzahür etdirir. Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində isə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması tarixi hadisə idi. Bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi deməkdir. Məhz birgə Bəyanatda qeyd edildiyi kimi, tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir. Eyni zamanda hər iki ölkə təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. Bunun fonunda Çin də öz növbəsində Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir. Digər mühüm məqamlarda biri isə hər iki ölkə arasında müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq barədə razılıq əldə edilib. “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşıblar. Eyni zamanda iki ölkə arasında digər sahələrdə əldə edilən razılaşmalar, Bakı-Pekin münasdibətlərinin bundan sonra fərqli inkişaf trayektoriyasına malik olacağını bir daha təsdiq edir”.