
Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində iki ölkə arasındakı əlaqələrdən, həyata keçirilən birgə layihələrdən və qarşıda duran mühüm məsələlərdən bəhs edib. Dövlətimizin başçısı həmçinin müsahibəsində Azərbaycan və Çin arasında münasibətlərin inkişaf tendensiyasına toxunub. Ölkələr arasında münasibətlər son illərdə inkişaf dinamikasında artan tendensiyaların xarakteri önə çəkilib.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Prezidentin müsahibəsində Azərbaycanla Çin arasında iqtisadi, siyasi və strateji sahələrdə əməkdaşlığın da xüsusi önən daşıdığı qeyd olunub: “Bu mənada Azərbaycan-Çin əlaqələri regional sabitlik və qlobal əməkdaşlıq baxımından əhəmiyyətli rolu sözsüz ki, təsirlidir. 2024-cü ildə Azərbaycanın xarici ticarətinin ümumi həcminin 7,9 faizi məhz Çinin payına düşüb ki, bu olduqca önəmli amildir. Ölkəmiz üçün Çin dördüncü böyük ticarət tərəfdaşı olmaqla yanaşı əsas idxal mənbəyi hesab edilir. Azərbaycanın ixrac malları daşıyan ilk dəmir yolu qatarının Bakıdan Çinə yola salınması bu istiqamətdə atılan təsirli addımlardan biridir. Çinin şəhərlərində yaradılan Azərbaycan ticarət evləri və burada təqdim edilən milli xalçalarımız, nar şirələri və başqa yüksək keyfiyyətli məhsulları böyük maraqla qarşılanır. Eyni zamanda ölkələr arasında əmtəə dövriyyəsinin həcmi də artmaqdadır. Məhz bu kontekstdə Azərbaycan Çin Xalq Respublikasının sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri kimi özünün tərəfdaşlığını nümayiş etdirib. Həmçinin Azərbaycanın “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndirmək niyyəti var. Əlverişli coğrafi mövqeyə malik Azərbaycan ərazisindən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağı təşviq edir”.
Deputat Orta Dəhlizin Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrut kimi qlobal əhəmiyyətindən bəhs edib: “Yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasında bu ən optimal yoldur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb ki, bu da qarşıdakı dövrdə həyata keçirilən birgə layihələrin mahiyyətini bir daha göz önündə canlandırmağa imkan verir. Azərbaycan və Çin arasında digər sahələrlə yanaşı təhsil, elm və mədəni əlaqələr genişlənməkdədir. Azərbaycan və Çin universitetləri arasında əməkdaşlıq müqavilələri, tələbə-müəllim mübadiləsi bu prosesi stimullaşdırmış olur. Eyni zamanda turizmin inkişafı və işgüzar fəaliyyətin artırılması məqsədilə Çin vətəndaşlarına münasibətdə vizasız rejimin birtərəfli qaydada tətbiq edilməsi olduqca önəmlidir. Vətəndaşların vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artması, iqtisadi, humanitar və mədəni əlaqələrin bundan sonra daha da genişlənəcəyinə zəmin yaratmış olur”.
Sevinc Hüseynova Azərbaycanla Çinin beynəlxalq platformalarda, xüsusən də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayıb: “Çin üçün Azərbaycan Cənubi Qafqazda mühüm tranzit ölkəsidir. “Bir kəmər, bir yol” təşəbbüsünün vacib həlqəsi olan Azərbaycan “Qlobal Cənub” anlayışının ortaya çıxdığı dövrlərdə inkişaf etməkdə olan ölkələrin birliyi, ədalətli dünya nizamı və çoxtərəfli əməkdaşlığı önə çəkib. “Bir kəmər, bir yol” təşəbbüsü vasitəsilə Çin, Asiyadan Afrikaya, Latın Amerikasından Avropaya qədər geniş bir coğrafiyada yeni iqtisadi blok formalaşdırır. Burada Azərbaycanın rolu da olduqca önəmlidir. Bakı Qlobal Forumları, Qoşulmama Hərəkatına sədrlik və enerji layihələri, Qlobal Cənub ilə Qlobal Şimal arasında möhkəm körpülərin qurulması ötən il Bakıda keçirilən COP29-da tədbirlərində əsas gündəlikdə olan məsələlərdən biri idi”.