
Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində olduqca mühüm mesajlar səsləndirib. Ölkəmizin başçısı Azərbaycan və Çin arasında münasibətlər inkişaf tendensiyasına diqqət çəkib. Vurğulanıb ki, ölkələr arasında münasibətlər son illərdə sürətli inkişaf mərhələsinə qədəm qoyub. Eyni zamanda iki ölkə arasında iqtisadi, siyasi və strateji sahələrdə əməkdaşlığın xarakteri də bu mənada xüsusi ilə önə çıxır.
Bu sözləri Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkəmizin başçısının da vurğuladığı kimi Azərbaycan-Çin əlaqələri regional sabitlik və qlobal əməkdaşlıq baxımından əhəmiyyətli rola malikdir: “2024-cü ildə Azərbaycanın xarici ticarətinin ümumi həcminin 7,9 faizi Çinin payına düşüb. Bu baxımdan Çin ölkəmizin dördüncü böyük ticarət tərəfdaşı olmaqla yanaşı əsas idxal mənbəyinə çevrilib. Azərbaycanın ixrac malları daşıyan ilk dəmir yolu qatarının Bakıdan Çinə yola salınması bu istiqamətdə atılan addımların bariz nümunəsi hesab edilir. Bütün bunlarla yanaşı bu gün Çinin şəhərlərində Azərbaycan ticarət evləri yaradılır, Azərbaycan xalçaları, nar şirələri və başqa yüksək keyfiyyətli məhsulları burada təqdim edilir. Ölkələr arasında əmtəə dövriyyəsinin həcmi də artmaqdadır. Azərbaycan Çin Xalq Respublikasının sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir”.

Deputat Prezident İlha m Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində həmçinin Azərbaycanın “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndirdiyini söyləyib: “Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazisindən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağı hədəfləyib. Çünki Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrut kimi qlobal əhəmiyyətə malikdir. Eyni zamanda yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasında bu ən optimal vasitədir. Bu bir reallıqdir ki, 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb. Bütün bunlarla yanaşı Azərbaycan və Çin arasında təhsil sahəsində əməkdaşlıq son illərdə strateji tərəfdaşlığın mühüm istiqamətlərindən birinə çevrilib. İki ölkə arasında təhsil, elm və mədəniyyət sahələrində əlaqələr genişlənməkdədir. Azərbaycan və Çin universitetləri arasında əməkdaşlıq müqavilələri imzalanıb, bu da müəllim və tələbə mübadiləsini stimullaşdırır. Bu əməkdaşlıq çərçivəsində hər il onlarla azərbaycanlı tələbə Çin universitetlərində təhsil alır və eyni zamanda çinli tələbələr də Azərbaycanda təhsil imkanlarından yararlanırlar. Həmçinin ötən il Azərbaycan turizmin inkişafı və işgüzar fəaliyyətin artırılması məqsədilə Çin vətəndaşlarına münasibətdə vizasız rejimi birtərəfli qaydada tətbiq edilib. Ölkələrimizin vətəndaşlarının vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənəcək”.
Məlahət İbrahimqızı Azərbaycanla Çinin beynəlxalq platformalarda, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayıb: “Ölkəmiz ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir və bu qurum vasitəsilə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və enerji layihələri ilə bağlı qarşılıqlı maraqları bölüşür. Eyni zamanda Çin üçün Azərbaycan Cənubi Qafqazda mühüm tranzit ölkəsi hesab edilir. Burada ən vacib layihələrdən bir olan “Bir kəmər, bir yol” təşəbbüsünün vacib həlqəsi də məhz Azərbaycandır. “Qlobal Cənub” anlayışının ortaya çıxdığı dövrlərdə inkişaf etməkdə olan ölkələrin birliyi, ədalətli dünya nizamı və çoxtərəfli əməkdaşlıq anlayışı önə çəkilir. Məhz bu konteksdə Çin və Azərbaycan, regionlarının aparıcı dövlətləri kimi, Qlobal Cənubun əsas oyunçuları arasında vacib yer tutur. Sözsüz ki, “Bir kəmər, bir yol” təşəbbüsü vasitəsilə Çin, Asiyadan Afrikaya, Latın Amerikasından Avropaya qədər geniş bir coğrafiyada yeni iqtisadi blok formalaşdırır. Bu təşəbbüs çərçivəsində Qlobal Cənub ölkələri Çinin siyasi dəstəyini və sərmayəsini arxasına alaraq inkişaf üçün yeni imkanlar qazanmış olurlar. Bakı Qlobal Forumları, Qoşulmama Hərəkatına sədrlik və enerji layihələri vasitəsilə Azərbaycan mühüm təşəbbüslərlə çıxış edir. Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edib. Bununla yanşı Qlobal Cənub ilə Qlobal Şimal arasında daha möhkəm körpülərin qurulması ötən il Bakıda keçirilən COP29-da tədbirlərində əsas gündəlikdə duran məsələlərdən biri olub. Bütün bunlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində reallaşıb”.