
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə rəsmi səfəri iki qonşu dövlət arasında münasibətlərin və əlaqələrin inkişafında mühüm töhfədir. Azərbaycan Prezidenti İlham Əliyevlə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili arasında keçirilən görüş, aparılan müzakirələr sözsüz ki, qarşıda duran məsələlərin həllində olduqca önəmlidir. Dövlət başçılarının mətbuata verdiyi birgə bəyanatlarda da vacib məsələlərdən bəhs olunub, mühüm mesajlar verilib.
Bu sözləri Milli Məclisin Məlahət İbrahimqızı deputatı deyib.
O qeyd edib ki, ölkə başçıları verdikləri bəyanatlarda Azərbaycan-Gürcüstan münasibətlərinin bütün sahələr üzrə inkişafına toxunulub: “Əsrlər boyu xalqlarımızın sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşadığı vurğulanıb. Bu gün də dövlətlərarası münasibətlərin yüksək səviyyədə olduğu bildirilib. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edib. Bu layihələr həm ölkələrimiz, xalqlarımız və daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır. Hər iki ölkə beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Həyata keçirilən bir çox sərmayə layihələri böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir. Bu layihələr Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edir. Prezident İlham Əliyev də vurğuladı ki, Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib. Ölkəmizin başçısı həmçinin Cənubi Qafqazda Orta Dəhliz layihəsinin Azərbaycan və Gürcüstanın iştirakı olmadan həyata keçirilməsinin mümkün olmadığını da diqqətə çatdırıb”.

Deputat bildirib ki, Azərbaycan Prezidentinin və vurğuladığı kimi Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir: “Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də hər iki ölkənin maraqlandıran məsələdir. Uzun illər ərzində Cənubi Qafqazın münaqişə, müharibə arenasına çevrilməsi fonunda hazırda regionda yeni bir dövrün başlanıldığı bildirilib. Öz növbəsində Gürcüstan Prezidenti də iki dost, qonşu ölkə arasında olan əlaqələrə toxunub. Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətlərinin uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd edilib. Azərbaycanın Gürcüstanla ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verdiyi və ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlı olduğu söylənilib. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir. Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir”.
Məlahət İbrahimqızı Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələrin əhəmiyyətindən bəhs edib.
Bildirib ki, bu regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Eyni zamanda Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında dövlət strukturları arasındakı siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupu platformaları vacib rol oynayır. Həmçinin Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər”.