
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatiya Forumunda iştiraki olduqca əhəmiyyətlidir. Antalya Diplomatiya Forumu bu gün regional və qlobal miqyasda mühüm məsələlərin müzakirə edildiyi vacib platformalardan birinə çevrilib.
Bu sözləri Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor bildirib ki, qlobal çağırışlarla bağlı müzakirələrin aparılması, onların həlli yollarının tapılması kimi məsələlərdə dünyanın aparıcı platformalarından biri olan Antalya Diplomatiya Forumunda 20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir olmaqla ümumilikdə 140 ölkədən 450-dək yüksəksəviyyəli nümayəndə iştirak edib: “Forum çərçivəsində müxtəlif formatlarda keçiriləcək 50-dən artıq tədbirdə Yaxın Şərqdən Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında müzakirələr aparılıb. Forum iştirakçılarının tərkibinin hər il genişlənməsi, müzakirə edilən mövzuların əhatə dairəsi qardaş Türkiyənin qlobal məsələlərin həllində artan rolundan və mövqeyindən xəbər verir. Bu gün Türkiyə cənab Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dünyada söz sahibi və güclü dövlət kimi aparıcı mövqeyə sahibdir. Sözsüz ki, ulu öndər Heydər Əliyevin vurğuladığı kimi “Bir millət, iki dövlət” anlayışı Türkiyənin gücünün və qüdrətinin Azərbaycanın da güclü olmasını şərtləndirmiş olur. Azərbaycan və Türkiyənin regional və qlobal məsələlərin həllindəki təsirli rolu olduqca böyükdür. Hər iki qardaş dövlət bütün beynəlxalq platformalarda eyni mövqedən çıxış edir, birlik və həmrəylik nümayiş etdirir. Məhz bu kontekstdə Azərbaycan-Türkiyə birliyi bu gün dünya üçün nümunədir”.

Deputat Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumu çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla görüşdüyünü və bir sıra vacib məsələləri müzakirə etdiyini qeyd edib: “Prezident İlham Əliyevlə Ersin Tatar arasında ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər, həmçinin ötən il onun Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı məmnunluqla xatırlanıb. Azərbaycan Prezidenti Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəminə diqqət çəkib. Ersin Tatar dövlətimizin başçısına Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə minnətdarlığını ifadə edib. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə iki qardaş ölkə arasında bütün sahələrdə olan əməkdaşlıqdan bəhs olunub. Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə edilib və əlaqələrimizin perspektivləri müzakirə olunub. Dövlətimizin başçısı Antalya Diplomatiya Forumuna dəvətə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu vurğulayıb. Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar”.

Şura sədri həmçinin Forum çərçivəsində Prezident İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşünün də əhəmiyyətinə toxunub: “Prezident İlham Əliyev Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar məmnunluğunu bildirərək, bununla bağlı Əhməd Əl Şaraanı təbrik edib. Dövlətimizin başçısı dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyətinin ən qısa müddət ərzində bu ölkəyə göndərildiyini və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyətini bərpa etdiyi qeyd edib. Ölkəmizin başçısı Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu bildirib. Öz növbəsində Əhməd Əl Şaraa Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib və gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini vurğulayıb. Görüşdə, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunulub ki, bu da olduqca önəmli amildir. Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündə də iki qonşu dövlət arasındakı əlaqələr və Cənubi Qafqaz bölgəsindəki məsələlərin məhz region ölkələr tərəfindən həll olunmasının vacibliyi qeyd olunub. Dövlətimizin başçısı Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan, Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşündə də vacib məsələlər müzakirə olunub. Aparılan müzakirələr zamanı Azərbaycanla əməkdaşlıq, əlaqələrin yeni müstəvidə inkişafı və digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.
Eldar Quliyev hesab edir ki, Türkiyə bütün platformalarda Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir, atılan hər addımda bizim yanımızda olub: “Rəsmi Bakı da daim Ankara ilə əlaqələrə xüsusi önəm verir. Azərbaycan-Türkiyə münasibətlərinin uğurlu model kimi təqdim olunmasının kökündə məhz bütün sahələrdə sıx əməkdaşlıq və real addımların müsbət göstəriciləri durur. Dünyada gedən mənfi proseslər təəssüf ki, yaşadığımız regiondan da yan keçmir. Bütün baş verənlərin fonunda Azərbaycan-Türkiyə tandemi gözlənilən və ehtimal edilən təhlükələrin qarşısını almağa imkan verir. Bu gün Türkiyə regionda sülh və sabitliyə töhfə verən əsas ölkələrdən biridir. Siyasi münasibətlərdə yeni səhifələrin açılması, regional əlaqələrin dərinləşdirilməsi, terrorizmə qarşı mübarizədəki qətiyyət, Cənubi Qafqazdakı proseslərdə qardaş Türkiyənin mövqeyi təsirlidir. Azərbaycan-Türkiyə qardaşlığı isə bölgədə sülhü, təhlükəsizliyi, əməkdaşlığı və inkişafı təşviq edir”.