
Fransa ermənipərəst siyasətindən əl çəkə bilmir. Erməni lobbisinin yedəyində gedən Fransa prezidenti Emmanuel Makronun siyasəti öz ölkəsinin maraqlarına zərbə vurur. Şəxsi maraqlar naminə bir qrup erməni lobbi təşkilatlarının mövqeyindən çıxış etmək Fransa kimi bir dövlətin dünya miqyasında kiçilməsinə xidmət edir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə maneçilik törədilməsi ölkənin suverenliyinə müdaxilə cəhdidir: “Fransanın proseslərə bu cür müdaxiləsi cinayətkarları qorumaqla, cəzasızlığın davamıma xidmət edən mövqeyi təəsüf doğurur. Ona görə də rəsmi Paris Azərbaycanın daxili işlərinə qarışmamalı və beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır. Azərbaycan ərazilərdə uzun 10 illiklər hərbi cinayətlər törətmiş şəxslərin müdafiəsinə qalxmaq həmin cinayətlərə şərik olmaq deməkdir. 30 il ərazində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanın ərazilərində soyqırım, etnik təmizləmə, vandallıq, barbarlıq törətmiş Ermənistanla bağlı Fransanın bir dəfə olsa səsini çıxartmaması erməni təəsübkeşliyi ilə bağlı ikili yanaşmanın, riyakarlığın açıq təzahürü idi”.

Deputat hesab edir ki, Fransa regional proseslərə müdaxilə etmək əvəzinə dənizaşırı ərazilərdə və Afrikada həyata keçirdiyi neokolonial siyasətindən əl çəksə daha yaxşı olar: “Çünki bu gün Fransız neokolonializmi yerli əhalini və resurslarını istismar etməklə məşğuldur. Eyni zamanda rəsmi Paris öz maraqları naminə uzunmüddətli qeyri-sabitlik və etnik gərginlik yaradıb. Heç kimə sirr deyil ki, Fransanın xarici siyasəti onun qondarma “sivilizasiya missiyası” mənəvi cəhətdən iflasa uğrayıb”.
Məlahət İbrahimqızı bildirib ki, Fransa nəhayət sülhə xidmət etməyən və regionda sabitliyə xələl gətirən addımlara son qoymalıdır: “Bu mənada Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun və Fransanın Azərbaycandakı səfirinin də istinad etdiyi iddiaları məntiqdən və reallıqdan tamamilə uzaqdır. Bu növbəti dəfə erməni lobbisinin göstərişlərinə uyğun verilmiş növbətçi bəyanatdır”.
Xatırladaq ki, aprelin 14-də Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclası çərçivəsində çıxış edərkən regional gərginlik, sülh prosesi və hazırda Azərbaycanda mühakimə olunan ermənilərlə bağlı bəzi anti-Azərbaycan iddiaları səsləndirib.