
Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci dəfədir ki, Bakıda toplaşdığını diqqətə çatdırıb. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantının enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərin əlaqələndirilməsində mühüm rol oynadığı qeyd olunub.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı Bakıda keçirilən növbəti vacib tədbirin əhəmiyyətindən bəhs edərkən deyib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin də vurğuladığı kimi burada əsas məqsəd əməkdaşlığın gücləndirilməsidir: “Çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmayacaq. Digər vacib amil isə qonşu və tərəfdaşlar ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Ölkəmizin başçısının da vurğuladığı kimi Azərbaycanın qaz təchizatının coğrafiyası genişlənir. Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə Azərbaycanın təbii qazının alıcısına çevrildi. Artıq Azərbaycanın təbii qazı 12 ölkəyə ixrac edilir ki, onlardan 10-u Avropa ölkəsidir. Həmin ölkələrdən 8-i isə Avropa İttifaqının üzvüdür. Sözsüz ki, bundan sonra da Azərbaycanın Avropada qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək. Cənab Prezident də çıxışında məhz bu amilləri bir daha bəyan etdi”.

Deputat bildirib ki, Cənub Qaz Dəhlizi ölkəmizin Liderinin də vurğuladığı kimi böyük uğur hekayəsidir: “Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. Artıq o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP – Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi işlək vəziyyətdədir. Azərbaycan Prezidenti də bu enerji şəbəkəsinin fəaliyyətinə diqqət çəkərək onların daha da genişlənməsi mesajlarını da vermiş oldu. Bütün bunlar onu deməyə əsas verir ki, Avropada çox geniş yaşıl gündəliyə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq. Ötən il Bakıda keçirilən COP29-da məhz bu amillər bir daha gündəmə gətirildi. Əslində Azərbaycan qlobal beynəlxalq tədbirə ev sahibliyi etməklə enerji təminatının qeyri-bərabər paylanmasına qarşı vacib çağırışların edilməsini də bir növ təşviq etmiş oldu”.

Məlahət İbrahimqızı hesab edir ki, bütün bunlar və Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir: “Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Bununla yanaşı, Azərbaycan yaşıl enerji sahəsində mühüm addımlar atır. Ölkəmiz bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində yeni layihələri təşviq edir. Bu baxımdan da bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı hesab olunur”.