
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri mühüm önəm kəsb edir. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin iki tərəfli və nümayəndə heyəti ilə birlikdə apardıqları müzakirələr ölkələr arasındakı əlaqələrin inkişafında vacib əhəmiyyətə malikdir. Sözsüz ki, səfər dövlətlər arasındakı bundan sonrakı dönəmdə qarşıya qoyulan vəzifələrin və qarşılıqlı maraq doğuran məsələlərin həllində də təsirli olacaq.
Bu sözləri Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkə başçılarının mətbuata verdiyi bəyanatlarda da vacib məsələlərə toxunulub: “Prezident İlham Əliyev Almaniya prezidentinin Azərbaycana səfərinin əhəmiyyətindən bəhs edərək, bunun əlaqələrimizə yeni müsbət təkan verəcəyini bildirib. Vurğulanıb ki, həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilib. Bu baxımdan ölkəmizin başçısı iki dövlət arasında iqtisadi sahədə əldə edilmiş nəticələrə diqqət çəkib. Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Almaniya arasındakı ticarət dövriyyəsinin təxminən üç dəfə artıdığı qeyd edilib. Bunun əsas səbəblərindən biri kimi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artmasının olduğu bildirilib. Eyni zamanda ölkələr arasında gələcək illərdə ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı daha fəal addımların atılmasının vacibliyi önə çəkilib. Xüsusilə bərpaolunan enerji sahəsində Almaniya şirkətlərinin təcrübəsinin tətbiqinin mümkünlüyü vurğulanıb. Sözsüz ki, Azərbaycanın bu istiqamətdə çox böyük proqramı və planları mövcuddur. Məhz ölkəmizin əsas prioritelərindən biri xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq hədəfi var. Beləliklə istehsal edilən enerjinin bir hissəsinin də Avropaya ixrac edilməsi mümkün olacaq”.

Deputat Prezident İlham Əliyevin mətbuat konfransında həmçinin ötən il Bakıda keçirilən COP29 beynəlxalq iqlim konfransının uğurlu nəticələrini də ali qonağın diqqətinə çatdırdığını bildirib: “Keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi fonunda bu istiqamətdə Almaniya ilə çox fəal əməkdaşlıq edilib. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi və bu amil onun qlobal əhəmiyyətli bir konfrans olduğunu, uğurlu nəticələrlə yadda qaldığını sübut edir. Ermənistandan başqa bütün dünya ölkələrinin iştirak etdiyi COP29 konfransında tarixi qərarlar qəbul edildi. Sözsüz ki, Ermənistanın bu konfransda iştirak etməməsi təəssüf hissi doğurur. Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda İrəvan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Cənab Prezident də mətbuata vermiş olduğu bəyanatda bu məqamlara xüsusi olaraq toxundu və bu halın Azərbaycanda səfərdə olan Almaniya prezidentinin də diqqətinə çatdırıldığı qeyd edildi”.
Məlahət İbrahimqızı vurğulayıb ki, dövlət başçılarının mətbuat konfransında Azərbaycanın 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkdiyi, xalqımızın etnik təmizləməyə məruz qaldığı, bir milyon azərbaycanlının məhz erməni aqressiyasına görə evsiz-eşiksiz qalıb və torpaqlarımızın təxminən 20 faizinin işğal altına düşdüyü qeyd edilib. Eyni zamanda beynəlxalq təşkilatların bu məsələ ilə bağlı ciddi addım atmadığı Azərbaycannın bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etdiyi Almaniya prezidentinin və nümayəndə heyətinin iştirak etdiyi mətbuat konfransında bəyan edilib. Məhz Azərbaycanın əldə etdiyi tarixi Zəfər sülh danışıqlarına yol açıb. Bunun fonunda bu gün Ermənistanla sülhün əldə edilməsində mövqelər bir-birinə kifayət qədər yaxındır. Prezident İlham Əliyev bu mövzularla yanaşı Almaniyalı həmkarı ilə beynəlxalq məsələlər ətrafında da müzakirələr apardığını bildirib”.