
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonunun Sarıcalı kəndinin yenidən qurulmasının birinci mərhələsində öz evlərinə qayıdan sakinlərlə görüşü olduqca yaddaqalan idi. Ölkəmizin başçısı qarşıdan gələn Ramazan bayramı və Sarıcalı kəndinin bərpası münasibətilə təbriklərini çatdırıb. Vurğulayıb ki, bu ikiqat bayramdır. Bayram ərəfəsində Sarıcalı kəndinin keçmiş köçkünlərin sərəncamına vermək xüsusi hadisədir.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Novruz bayramı ərəfəsində Ağdərə rayonunun Həsənriz kəndinin sakinləri ilə görüşünə toxunan dövlət başçısı Ağdam rayonunun bərpa edilmiş birinci kəndinin sakinləri ilə görüşməyin böyük xoşbəxtlik olduğunu bildirib: “Bununla da artıq 13-cü yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıdışı təmin edilib. İşğal altında olmuş bölgələrimizdə olduğu kimi Ağdam da Ermənistanın işğalı nəticəsində dağıdılıb, viran qoyulmuşdu. Ağdamın keçmişi ilə işğal dövründəki durumunu isə bu mənada müqayisə etmək çox çətindir. Bir zamanlar böyük bir mərkəzi xatırladan, daima qaynar həyatı olan, bütövlükdə Qafqazın, Qarabağın mərkəzi rolunda çıxış edən Ağdan Ermənistan tərəfindən işğal edildikdən sonra elə bir hala salınıb ki, buranı “Qafqazın Xirosiması” adlandırırdılar. Artıq Ermənistanın işğalından azad edilən digər bölgələrimiz kimi Ağdam da böyük quruculuq işləri həyata keçirilir”.

Deputat II Qarabağ müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini tam təmin etdiyini bildirib: “44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə başlanılıb. Azərbaycan dövləti öz imkanlarına əsaslanaraq ərazilərin minalardan təmizlənməsi ilə paralel yeni yaşayış, məntəqələri, yollar, körpülər, infrastruktur, qaz, işıq, su təchizatı kimi vacıb təminatları həyata keçirir. Böyük Qayıdış konsepsiyasına əsaslanaraq həyata keçirilən dövlət proqramı 30 ilə yaxın Ermənistanın işğalında qalmış Qarabağ və Şərqi Zəngəzurun mənzərəsi tamamilə dəyişir. Ermənistanın işğalından azad edilən digər bölgələrimiz kimi Ağdam da böyük quruculuq işləri həyata keçirilir. Artıq azad edilmiş ərazilərdə 40 mindən çox insan yaşayır və çalışır. Ölkə başçısının da vurğuladığı kimi ilin sonuna qədər də təqribən 30 min, 40 min insan geri qayıtmalıdır. Ağdam rayonun Kəngərli, Xıdırlı kəndlərinə də bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri böyük vüsətlə davam edir. Ağdam şəhəri sıfırdan qurulur. Həyata keçirilən uğurlu layihələr nəticəsində yaxın gələcəkdə Ağdam da öz tarixi görkəmini bərpa edəcəyinə tam əminik”.
Sevinc Hüseynova Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 27-də Şuşada görülən işlərlə tanış olduğunu söyləyib: “Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışı edilib, həmçinin Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar. Çöl Qala məscidi XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub. Bu tarixi abidə XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Məscid və bulaq Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılmış və talan edilmişdi. Təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan Şuşa Müalicə-Sağlamlıq Mərkəzi isə 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir. Sözsüz ki, işğaldan azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin müasir səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Şuşada bu cür tibb ocağının yaradılması bunun əyani göstəricisidir. Yeni Şuşa Məscidinin də əsası 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulub. Məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi göz oxşayacaq. Onun memarlıq həlli rəmzi xarakter daşıyır. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə məscidin forması 8 rəqəmini əks etdirəcək və bu, noyabrın 8-də Şuşanın işğalçılardan azad olunmasını, Zəfər Gününü simvolizə edəcək”.