
Azərbaycan xalqı qədim köklərə, adət-ənənələrə malik milli bayramımız olan Novruz bayramını bu gün qalib və zəfər ruhunda qeyd edir. Tarixən qədim köklərinə, adət-ənənələrinə sıx bağlı olan xalqımızın zəngin daxili aləmini, nikbin dünyagörüşünü əhatəli olaraq əks etdirən Novruz bayramı ali və milli dəyərlərin təcəssümü hesab edilir. Bu mənada Azərbaycan xalqı hər zaman Novruz Bayramını çox yüksək əhval-ruhiyyədə qeyd edib.
Bu sözləri Siyasətinfoya Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, VI çağırış Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, 30 ilə yaxın torpaqlarımız Ermənistanın işğalı altında olduğu dövrdə xalqımızın bir arzusu var idi: “Torpaqlarımız azad edilsin və xalqımız öz tarixi, əlamətdar günlərini ata-baba ocaqlarında qeyd etsin. Bu baxımdan da xalqımız azad edilmiş torpaqlarımızda qalanan bayram tonqallarının sevincini yaşayır. Ulu Öndər Heydər Əliyev vurğulayırdı ki, “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ulu öndərin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı erməni işğaldan azad edib. Artıq həmin ərazilərdə Novruz bayramı qeyd edilir, tonqallar alovlanır”.
YAP üzvü bildirib ki, işğaldan azad edildikdən sonra ilk Novruz tonqalının, Şuşada, Cıdır düzündə Prezident İlham Əliyev tərəfindən alovlandırılması tarixi hadisə idi: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynayır. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Belə ki, 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub”.
Aqil Məmmədov Azərbaycan xalqı beşinci ildir ki, Novruz bayramını fərqli ovqatda qeyd etdiyini bildirib: “Ölkəmizin hər yerində olduğu kimi işğaldan azad edilmiş torpaqlarımızda Novruz Bayramı xüsusu təmtəraqla keçirilir. Böyük Qayıdışın təcəssümü olaraq buranın əsl sakinləri bayramı öz ata-baba yurdlarında qarşılayır. Qısa zamanda azad edilmiş bütün tarixi torpaqlarımızın sakinləri öz yurd-yuvalarına qayıdacaq. Azərbaycan xalqı 30 ilə yaxın bu tarixi anların həsrəti ilə yaşayıb. Bu ərazilərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın rəşadəti sayəsində erməni işğalından azad edilib və tarixi ədalət bərpa olunub”.