
Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfəri olduqca yaddaqalan olub. Azərbaycan-Türkiyə qardaşlığı bu gün dünya üçün örnəkdir. Cənab Prezidentin qardaşa ölkəyə səfəri də məhz qarşıya qoyulan hədəflərin icrası baxımından önəmlidir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin qardaş ölkə lideri rəcəb Tayyib Ərdoğanla onlayn formatda İğdır-Naxçıvan qaz boru kəmərinin açılışını etməsi tarixi hadisə idi: “Sözsüz ki, bu layihə Naxçıvanın qaz təchizatını şaxələndirməyə xidmət edir. Eyni zamanda Naxçıvanla yanaşı İğdır əhalisinin rifahının daha da yüksədilməsində mühüm rola malik olacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyev açılış mərasimdə çıxışında vurğuladı ki, “bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür – İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir”. Cənab Prezident vurğuladı ki, Naxçıvan qədim Azərbaycan torpağıdır. Bir əsrdən çoxdur ki, Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı düşüb. 1920-ci ildə Xalq Cümhuriyyətindən sonra keçmiş sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirib. Bununla da Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında quru bağlantısı kəsilib. Sözsüz ki, bu reallıq, bir əsrdən çox davam edən ədalətsizlik Naxçıvanda yaşayan soydaşlarımızın həyatına mənfi təsir göstərib”.

Deputat Azərbaycana qarşı işğalçılıq niyyətindən əl çəkməyən Ermənistanın I Qarabağ müharibəsi dövründə Naxçıvanı da işğal etmək niyyətində olduğunu bildirib: “Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində Ermənistanın Naxçıvanı işğal etmək planları alt üst-olub. O vaxt ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanı qardaş Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilməsi tarixi hadisə idi. Sözsüz ki, bu gün Türkiyə və Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri Azərbaycan və Türkiyə ilə yanaşı Avrasiyanın enerji xəritəsini dəyişdirib. Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu isə böyük önəmə malikdir. Bu layihə türk dünyasını birləşdirmək üçün mühüm nəqliyyat bağlantısı hesab edilir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərdən bəhs etdi. Ölkələrimiz arasındakı münasibətlərin bütün spektorları əhatə etdiyi qeyd edildi. Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğu bildirildi. İki qardaş ölkənin birliyinin gücünün ifadəsi olaraq qarşıya qoyulan bütün layihələrin uğurla icra edildiyi diqqətə çatdırıldı. Bu gün iki qardaş ölkə türk dünyası daxilində örnək ola biləcək münasibətlər qurub. Türk Dövlətləri Təşkilatında da Azərbaycan-Türkiyə əməkdaşlığı daha da inkişaf etməkdədir”.