
Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin yaymış olduğu “bəyanat” məntiqdən uzaqdır və heç bir reallığı əks etdirmir. Əslində bu kimi yanaşmalar Avropa Parlamenti ilə Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının göstəricisidir. Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində qəbul edilmiş bu “bəyanat” Avropa Parlamentinin əsl mahiyyətini ortaya qoyur.
Bunu Siyasətinfoya Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, VI çağırış Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, bununla Ermənistan Azərbaycanla aparılan sülh danışıqları prosesində qeyri-səmimiliyini nümayiş etdirir: “Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması, habelə dövlətlərarası münasibətlərin normallaşdırılması ilə bağlı çıxışlarına birbaşa zidd olan birgə “bəyanatı” dəstəkləməsi bunu təsdiq edir. Eyni zamanda yenidən bu kimi halların ortaya çıxması Avropa Parlamentində Azərbaycana münasibətdə dərin kök salmış nifrət siyasətini təzahür etdirir”.

YAP təmsilçisi hesab edir ki, həmin “bəyanatda” Ermənistanı israrla “qurban” kimi qələmə verməyə çalışanlar əsl reallığı görməməzlikdən gəlir: “Ermənistan onilliklər boyu faşist “ideologiyasını” bəsləyən bir ölkə olub. Məhz bu ideologiya onun Azərbaycana qarşı 30 illik təcavüzünün əsasını təşkil edib. İşğal dövründə Ermənistan ağır cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırım aktları həyata keçirib. Ermənistan etnik təmizləmə həyata keçirib və bir milyona yaxın azərbaycanlı öz doğma yurdlarından zorla qovulub, deportasiya edilib. Vaxtilə Zəngəzur, Dərələyəz, Göyçə və digər ərazilərdən qaçqın və məcburi köçkün vəziyyətinə salınmış azərbaycanlıların taleyi də buna sübutdur. Həmçinin Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini yerlə-yeksan edərək talan edib, dövlət və şəxsi mülkiyyətə milyardlarla ABŞ dolları dəyərində maddi ziyan vurub, işğal olunmuş ərazilərdə və Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsi məhv edib və özününküləşdirməyə cəhd edib”.

Aqil Məmmədova görə, onilliklər ərzində günahsız azərbaycanlılara qarşı törədilmiş ağır cinayətlərə görə heç bir erməni məsuliyyətə cəlb olunmayıb: “Azərbaycan ərazilərinin işğalı ilə bağlı çoxsaylı beynəlxalq sənədlər, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Avropa İttifaqı, Avropa Parlamenti Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı çağırış etməyib. Təəsüf ki, həmin dövrlərdə avropalı parlamentarilər bu faktla bağlı səsini çıxartmayıb. Ermənistan onilliklər boyu Azərbaycan ərazilərini minalarla çirkləndirib.

Avropa Parlamentindən bu məsələyə dair hər hansı mövqe bildirilməyib. Ona görə də bu gün erməni lobbisinin diqtəsi ilə hərəkət edən avropalı parlamentarilərin ortaya qoymağa çalışdığı mövqe heç bir fakta və reallığa əsaslanmır. Azərbaycan qalib dövlətdir. 2020-ci ilin 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyü və suverenliyini tam təmin edib. Bununla da Cənubi Qafqazda yeni bir reallıq yaranıb. Bu reallıq isə sülhü, təhlükəsizliyi, əməkdaşlığı inkişafı təşviq edir”.