
Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin bəyanatı məntiqdən uzaqdır. Bu Avropa Parlamenti ilə Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının növbəti nümunəsidir. Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində qəbul edilmiş bu bəyanat Avropa Parlamentinin mahiyyətini göstərir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, əslində bu kimi absurd bəyanatlar Ermənistan tərəfinin Azərbaycanla danışıqlar prosesində qeyri-səmimiliyini nümayiş etdirir: “Bu eyni zamanda Avropa Parlamentində Azərbaycana qarşı kök salmış nifrət siyasətinin bariz nümunəsidir. Ermənistanı israrla “qurban” kimi qələmə vermək cəhdləri uğursuz seçimdir. Çünki bu ölkə uzun on illiklər boyu faşist ideologiyasını bəsləyən bir dövlət olub. Məhz bu “ideologiya” Azərbaycana qarşı 30 illik işğal siyasətinin əsasını təşkil edir”.
Deputat bildirib ki, Ermənistanın Azərbaycan xalqına qarşı işğal siyasəti hərbi cinayətləri, insanlığa qarşı cinayətləri və soyqırım aktları yaddan çıxmayıb: “Eyni zamanda Ermənistan etnik təmizləmə həyata keçirmiş dövlətdir. Zəngəzur, Dərələyəz, Göyçə və digər ərazilərdən qaçqın və məcburi köçkün vəziyyətinə salınmış 300 mindən artıq azərbaycanlının taleyi bunun bariz nümunəsidir. Bu azmış kimi işğal dövründə Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini yerlə-yeksan edərək talan edib, dövlət və şəxsi mülkiyyətə milyardlarla ABŞ dolları dəyərində maddi ziyan vurub”.

Məlahət İbrahimqızı hesab edir ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı çoxsaylı beynəlxalq sənədlərə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq işğalçının torpaqlarımızdan çıxarılması təmin edilməmişdi: “Avropa İttifaqı və parlament strukturu heç bir zaman Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırış etməyib. Məhz bununla da həmin qurumlar Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etməsinə göz yumublar. Həmçinin Ermənistanın onilliklər boyu Azərbaycan ərazilərini minalarla çirkləndirməsinə heç bir reaksiya verilməyib. Avropa Parlamenti I Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000 azərbaycanlının taleyinə biganəlik nümayiş etdirib. Ona görə də bu gün Avropalı parlamentarilərin insan haqlarından danışmağa mənəvi haqqı yoxdur. Onların Azərbaycanla bağlı hansısa məsələdə diqtəedici tonda danışması qəbuledilməzidr. Azərbaycan qalib və güclü dövlətdir. Rəsmi Bakı ancaq tam bərabərhüquqlu münasibətlərə üstünlük verir. Bunun əksinə olacaq bütün yanaşmalar qətiyyətlə rədd edilir”.