
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza hər bir səfəri yeni infrastruktur obyektlərinin, yaşayış məntəqələrinin əsasını qoyulması və bir sıra vacib layihələrin icra vəziyyəti, açılışı və görülən işlərin gedişi ilə bağlı tanışlıq baxımından çox zəngin olur. 30 il Ermənistanın işğalında qalan torpaqlarımızda erməni vandalları tərəfindən ərazi darmadağın edilib və bu bölgədə daşın-daş üstündə qalmasına imkan verilməyib. II Qarabağ müharibəsindəki tarixi Zəfərdən sonra Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ərazilərimizdə mənfur ermənilərin basdırmış olduğu minaların təmizlənməsi ilə yanaşı bərpa və yenidənqurma işləri icra edilir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri quruculuq, yenidənqurma işlərinin sürətlə aparılacağının təsdiqidir: “Dövlətimizin başçısının erməni işğalından azad edilmiş tarixi torpaqlarımıza səfərləri mühüm obyektlərin təməlini qoyması, Azərbaycanın öz əzəli torpaqlarına sahib çıxmasının bariz nümunəsidir. Səfər zamanı ölkə başçımız diqqəti erməni vəhşiliyinə yönəldərək Ermənistanın işğal siyasətini bir daha ifşa edir. Bu mənada fevralın 18-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə növbəti səfəri Ağdama olub. Vaxtilə böyük bir şəhər olan Ağdam işğal dövründə erməni vəhşiləri tərəfindən dağıdılaraq viran edilib. Heç təsadüfi deyil ki, erməni barbarlığının nəticəsi olaraq Ağdam “Ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırılır. Artıq Ermənistanın qaranlıq işğal dövrü arxada qalıb, ərazilərimiz azaddır. Ağdam digər yaşayış məntəqələrimiz kimi yenidən dirçəlir. Prezident İlham Əliyev tərəfindən Ağdam şəhərinin bərpasının təməlini 2021-ci il mayın 28-də qoyulub. Həmin tarixdən şəhərdə yenidənqurma və bərpa işləri ardıcıllıqla icra edilir. Ağdamda tikilən hər bir bina müasir standartlara cavab verir. Cənab Prezidentin Ağdamda açılışını etdiyi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksi şəhəri və ətraf yaşayış məntəqələrini dayanıqlı elektrik enerjisi ilə təminatına xidmət edir”.

Deputat bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda inşa olunan “Hilton Garden İnn” hotelində, Muğam Mərkəzində, 2-ci yaşayış kompleksində, 1 nömrəli körpələr evi-uşaq bağçasında, 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə və “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar: “Eyni zamanda cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə də tanış olublar. Sözsüz ki, işğaldan azad olunmuş ərazilərdə dağıdılmış və baxımsız qalmış tarixi abidələr bərpa edilməklə irsimizin silinməsinin qarşısının alınması üçün zəruri işlər görülür. Çünki mənfur erməni vandalları Qarabağda Azərbaycana xalqına məxsus minilliklər yaşı olan tariximizi dağıdaraq özünküləşdirməyə çalışsalar onun əsl sahibləri buna imkan vermədi”.
Məlahət İbrahimqızı vurğulayıb ki, cənab Prezidentin Xankəndidə “Bulud” hotelin açılışını etməsi isə bölgədə iş yerlərinin, turizmin və gələn qonaqların daha yüksək səviyyədə xidmət almasına hesablanıb: “Ölkəmizin başçısı Xankəndidə həmçinin Zəfər parkının təməlini qoyub. Bu tarixi Zəfərimizin tərənnümünə, onun gələcək nəsillərə çatdırılmasına mühüm töhfədir. Xankəndidə fəaliyyət göstərən tikiş fabriki və digər müəssisələr öz doğma yurdlarına qayıdan insanların işlə təminatında mühüm önəm kəsb edir. Sözsüz ki, cənab Prezident İlham Əliyevin Xocalı rayonunun Ballıca kəndinin sakinləri ilə keçirdiyi səmimi görüşlər hər birimiz üçün qüruruverici idi. Təbii ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurla icra olunur. Məhz bunun nəticəsidir ki, son 3 ildə işğaldan azad edilmiş 10-dan çox yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin geri qayıdışı təmin edilməklə yanaşı onların orada məşğulluğu və digər zəruri ehtiyacları də ən yüksək səviyyədə təmin edilib. 2026-cı ilin sonuna qədər isə 140 mindən çox keçmiş məcburi köçkün öz doğma yurduna qayıdışı nəzərdə tutulub”.