
II Qarabağ müharibəsindən sonra Ermənistan Fransa, ABŞ, Yunanıstan, Hindistan kimi ölkələr tərəfindən davamlı olaraq silahlandırılır. Sözsüz ki, işğalçı keçmişə malik olan bir ölkənin yenidən silahlanması regionda sülhə və təhlükəsizliyə başlıca təhdid hesab edilir. Bu mənada Cənubi Qafqazda qalıcı sülhün təmin edilməsi naminə Ermənistanın silahlandıran qüvvələr bu amili nəzərə almalıdır.
Bunu Milli Məclisin Məlahət İbrahimqızı deputatı deyib.
O qeyd edib ki, Cənubi Qafqaz beynəlxalq güclərin maraqlarının kəsişdiyi bir məkandır: “Zaman-zaman bu bölgədə münaqişələrin alovlandırılması və davam etdirilməsi geosiyasi oyunların bir parçasına çevrilib. Bu mənada son dövrlər Ermənistanın Fransa və ABŞ tərəfindən silahlandırılması bölgədə sabitliyə və sülhə təhdid yaradır. Fransa özünü beynəlxalq arenada “demokratiyanın keşikçisi” və “humanitar dəyərlərin qoruyucusu” kimi təqdim etsə də, Ermənistana hərbi dəstək göstərməsi bu maskanın arxasında gizlənən reallığı göstərir. Erməni diasporunun təsiri altında Ermənistanın revanşist ambisiyalarını qızışdırmaq üçün hərbi təchizat və siyasi dəstəkdən çəkinməyən rəsmi Paris həmçinin özünün məkirli ambissiyalarını da reallaşdırmağa çalışır”.

Deputat hesab edir ki, Fransanın hərbi-siyasi müstəvidə Ermənistana olan dəstəyi bu ölkənin revanşist siyasətini, işğalçılıq niyyətlərini şirnikləşdirir: “Bu addımı ilə Fransa beynəlxalq hüququn əsas prinsiplərini açıq şəkildə pozur. Eyni amanda ABŞ-ın Ermənistanı silahlandırması da ikili standartların bariz nümunəsi hesab edilir. Məqsəd regionda Azərbaycanın yaratmış olduğu yeni reallığı dəyişməkdir. Amma buna gücləri çatmayacaq. Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsi kimi regionda baş verən proseslərin də aparıcı qüvvəsidir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda uzunmüddətli sülh üçün yeni imkanlar yaranıb: “Prosesə yeganə əngəl Ermənistanın tutmuş olduğu qeyri-konstruktiv mövqedir. Hər zaman özünün dağıdıcı xislətinə uyğun olaraq Ermənistan və erməni lobbisi yenidən bölgədə yaranmış stabilliyi təhdid edir. Amma bunun əleyhinə olaraq Ermənistan bölgədə kommunikasiya xətlərinin açılmasını və iqtisadi əməkdaşlıq perspektivlərinə töhfə verməklə regionda qalıcı sülhün təminatına zəmin yarada bilər”.