
Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana səfəri mühüm önəm kəsb edir. Sözsüz ki, Azərbaycan xarici siyasət kursunda dünya ölkələri ilə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq mühüm yer tutur. Ölkəmizin Şərq və Qərb, Şimal və Cənub arasında milli maraqlar üzərində qurmuş olduğu münasibətlər bunun bariz nümunəsidir. Azərbaycan eyni zamanda ədalətli və bərabərhüquqlu əməkdaşlıq əsasında Afrika qitəsində yerləşən ölkələrlə də qarşılıqlı əlaqələrin formalaşmasına nail olub.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkəmizlə Afrika qitəsində yerləşən dövlətlər arasında əlaqələr mühüm önəm kəsb edir: “Təbii ki, Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi prioritet istiqamətlərdən biridir. Bu mənada Azərbaycanla Afrika ölkələri arasında münasibətlər artıq yeni mərhələyə yüksəlib. Somali prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfər etməsi qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Hasan Şeyx Mahmud ilə mətbuata bəyanatında bildirdiyi kimi, “Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Əminəm ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq”. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr bu baxımdan olduqca təsirlidir”.

Deputat bildirib ki, Somalı prezidentinin ölkəmizə səfəri çərçivəsində imzalanmış vacib sənədlər münasibətlərin bundan sonrakı inkişafına da zəmin yaradacaq: “İmzalanmış yüksək səviyyəli ikitərəfli əlaqələrin xarakterini ifadə edən sənədlər əlaqələri bir çox sahələrdə inkişaf etdirməyə imkan verəcək. Somali prezidentinin vurğuladığı kimi Azərbaycana səfəri, təkcə diplomatik əməkdaşlıq deyil, ölkələr arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcıdır. “Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik və Sizin praktik təcrübənizi öyrənməyə hazırıq”. Azərbaycan özünün inkişaf konsepsiyası və zəngin təcrübəsi ilə Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı fayda gətirəcək və uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradacaq potensiala malikdir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Afrika qitəsinin şərqində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvüdür: “Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq qurub. Azərbaycanla Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. Diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq üçün mühüm perspektivlər açıb. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadə mühüm önəm kəsb edir. Vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair İƏT-in Kontakt Qrupunun üzvü kimi Somali daim Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini ifadə edib. Azərbaycan da öz növbəsində digər ölkələrdən fərqli olaraq, Afrika ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas tutur və qitənin inkişafına hər zaman özünün real dəstəyini nümayiş etdirib”.