
Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində olduqca vacib məqamlara toxunub. Dövlətimizin başçısı ölkəmizin regional və qlobal miqyasda artan rolundan bəhs edib. Azərbaycanın qonşularla mehriban münasibətlər və balanslaşdırılmış xarici siyasət həyata keçirdiyi vurğulanıb. Bu bir reallıqdır ki, Azərbaycan postsovet məkanında stabil, inkişaf edən lider ölkə statusuna malikdir.
Bu sözləri Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanın bu gün regionda sabitlik adası olması, əldə etdiyi uğurlar Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin bariz nümunəsidir: “Dövlətimizin başçısı Çin televiziyasına müsahibəsində də məhz bu amilləri bir daha önə çəkmiş oldu. Cənab Prezident müsahibəsində bu və ya digər məsələlərə dair ünvanlanan suallara geniş analiz etməklə yanaşı səlis şəkildə cavablar verməklə əsl Azərbaycan həqiqətlərini də beynəlxalq arenaya çatdırmış oldu. 2024-cü ilin Azərbaycan tarixinə beynəlxalq tədbirlərin keçirildiyi, mühüm qərarların qəbul edildiyi təqvim kimi daxil olduğu bildirildi. Eyni zamanda Azərbaycan üçün prioritet məsələlər bir daha bəyan olundu. Bölgədə sülh və əmin-amanlığın qorunub saxlanılması, bunun üçün lazım olan bütün komponentlərin təmin olunması önə çəkildi”.

Deputat bildirib ki, ölkəmizin başçısı müsahibəsində 2020-ci ilin 44 günlük Vətən Müharibəsi nəticəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri ilə ərazi bütövlüyü və suverenliyini tam təmin etdiyini diqqətə çatdırdı: “Sözsüz ki, Azərbaycan üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpası oldu. Bu da beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Azərbaycan məhz BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq özünün ərazi bütövlüyünü və suverenliyini təmin edib. Ölkəmizin başçısı da müsahibəsində vurğulayıb ki, 30 il Ermənistanın işğal siyasətinə qarşı beynəlxalq hüququn normaları işləmədi. Həmçinin beynəlxalq təşkilatlar Azərbaycana bu məsələdə heç bir dəstək vermədi. İşğalçıya beynəlxalq miqyasda təzyiq olunmadı. Bütün bunlar isə Ermənistanın işğal siyasətinin 30 il uzanmasına səbəb oldu. Beləliklə, Azərbaycanın beynəlxalq hüququ və BMT Nizamnaməsinə əsas tutaraq addımlar atdı. Nəticədə 30 il ərazində xalqımızın pozulmuş fundamental hüquqları bərpa olundu. Çünki həmin tarixə qədər çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Prezidentin müsahibəsində toxunduğu məqamlardan biri də Azərbaycan uğurlu xarici siyasəti ilə bağlı olub: “Reallıq odur ki, bu gün ölkəmizin regional və qlobal miqyasda nüfuzu artıb. Azərbaycanın son illər ardıcıl olaraq bir sıra qlobal layihələrə ev sahibliyi etməsi, birbaşa təşəbbüskar ölkə kimi çıxış etməsi bunu bir daha təsdiq edir. BMT Təhlükəsizlik Şurasının qeydi-daimi üzvü seçilən, daha sonra BMT-dən sonra dünyada ikinci aparıcı təşkilat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycan bu gün beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul edilir. Məhz bu sırada COP29-un ölkəmizdə uğurla keçirilməsi xüsusi ilə qeyd edilməlidir. Çünki COP29 böyük çağırış, məsuliyyət, nailiyyət tələb edən vacib qlobal bir tədbir idi. Azərbaycan ötən il ən böyük uğuru təxminən 200 ölkəni bir araya gətirən COP29 iqlim konfransına ev sahibliyi etməsi ilə özünün nəyə qadir olduğunu bir daha təsdiq etmiş oldu”.