
Ermənistan hakimiyyəti azərbaycanlılara məxsus tarixi dini abidələri barbarcasına məhv etməkdə və izini itirməkdə davam edir. Bu siyasət uzun on illiklər Ermənistanda hakimiyyətda olan qüvvələr tərəfindən davam etdirilib. Məqsəd tarixi Azərbaycan torpaqlarında türk, müsəlman izini itirmək, min illiklər mövcud olmuş tarixi saxtalaşdırmaq, özününküləşdirməkdən ibarətdir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, İrəvanın Təpəbaşı məhəlləsində yerləşən tarixi Azərbaycan məscidinin qalıqlarının yayılan görüntülərində də onun barbarlığa, vandallığa, qeyri-əxlaqi davranışlara, İslam dəyərlərinə zidd davranışlara məruz qaldığı aydın şəkildə müşahidə edilir. Ermənistan hakimiyyəti məhz düşünülmüş şəkildə Azərbaycan türklərinin min illiklər qoruyub saxladıqları dəyərlərə qarşı aqressiv münasibət bəsləyir. Özlərinin saxta mədəni abidələri haqqında isə erməni lobbisi az qala bütün dünyada Azərbaycana qarşı absurd iddialar əsasında anti-təbliğatla məşuldur. Əsl tarixi, dini abidələr isə bu gün İrəvanın mərkəzində təhqirə vandallığa məruz qoyulur”.

Deputat bildirib ki, İrəvanda mövcud olan tarixi, dini abidələrimizin təhqir edilməsi və onun görüntülərinin məqsədli şəkildə yayılması Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunmaq məqsədi daşıyır: “Vaxtilə Qərbi Azərbaycanda mövcud olmuş 300-dək məscid ermənilər tərəfindən dağıdılıb, yox edilib. Eyni zamanda Qərbi Azərbaycanda xalqımıza məxsus olmuş qəbristanlıqlar, digər dini, mədəni abidələr yer üzündən silinib. Çox təəsüf ki, beynəlxalq ictimaiyyət və dünya mədəni irsinin qorunmasına cavabdeh olan təşkilatlar bu faktları görməməzlikdən gəlir”.
Məlahət İbrahimqızı İrəvanda Təpəbaşı məhəlləsindəki tarixi məscidlə yanaşı, Göy məscidin də təhrifə məruz qaldığını söyləyib: “30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində bütün tarixi-dini, mədəni abidələrlə yanaşı yaşayış evləri, binalar, sosial obyektlər, darmadağın edilib. Daşı-daşı üstündə durmağa imkan verməyiblər. Sanki bu ərazilərdən vəhşi qəbilə keçib. Təsadüf deyil işğal müddətində Qarabağda və Şərqi Zəngəzurda mövcud olan 67 məsciddən 65-i məhv edilib, dağıdılıb. İki məscid isə ancaq başqa təyinatlar üçün istifadə edilib. Bütün bu faktlar onu göstərir ki, Ermənistan tərəfindən İslam dini dəyərləri ilə yanaşı, ümumbəşəri dəyərlərə qarşı da barbarlıq edilib. Təəsüf ki, dünya birliyi tərəfindən bu vandallığa layiq olduğu qiymət verilməyib”.