
Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) fəaliyyəti fevralın 1-dən etibarən dayandırılıb. Bununla bağlı ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrlə yanaşı, Azərbaycana qarşı da qərəzli mövqe sərgiləyən Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) fəaliyyətinin dayanadırılması ilə bağlı qərar verib. Təkilatın xərclərinin ABŞ-ın milli maraqlarına uyğun olmadığı və onun Dövlət Departamenti ilə birləşdiriləcəyi vurğulanıb.
Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, USAID müstəqil dövlətlərin daxili işlərinə qarışmaqla yanaşı, milli, dini siyasi aspektlərdə ayrıseçkilik yaratmaqla məşğul idi: “Eyni zamanda təxribat xarakterli bütün layihələrə dəstək verən bu təşkilat müstəqil siyasət yürüdən ölkələrdə daxili çaxnaşma yaratmağa çalışırdı. Davamlı olaraq bəzi Qərb dövlətləri və onlara məxsus qurumlar, institutlar müstəqil dövlətləri hədəfə alaraq heç bir əsas olmadan anti-təbliğatla məşğul olub. Hədəfə aldıqları müstəqil dövlətlərdə qarşıdurma yaratmaq onların əsas istiqamət xəttini təşkil edib”.
Deputat hesab edir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) milli dövlətlərin daxilində ixtilaflar, dözümsüzlük yaratmaq məqsədi ilə müxtəlif “layihələr”, “proqramlar” həyata keçirib və bu məqsədlərə xidmət edən pullar ayrılıb: “Bu mənada USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biri kimi çıxış edirdi. Fakt isə odur ki, bu təşkilat Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. USAID-in Azərbaycanda çirkin niyyətləri heç vaxt reallaşmasa da onlar ayrı-ayrı qrupların əli ilə davamlı olaraq müxtəlif yollara əl atmağa çalışıb. Sözsüz ki, yekunda öz çirkin niyyətinin həyata keçməsinə nail ola bilməyən USAID Azərbaycana qarşı “hesabatlarda” məkirli ritorikasını ortaya qoymağa çalışıb”.
Sevinc Hüseynova vurğulayıb ki, Azərbaycanda mövcud olan sağlam cəmiyyət, sarsılmaz xalq-iqtidar birliyi USAID kimi təşkilatların əl-qolunu açaraq burada hansısa “planları” həyata keçirməsinə başlıca əngəl olub: “ABŞ-nin sabiq prezidenti Cozef Bayden Administrasiyası dönəmində USAID-lə yanaşı digər təşkilatlar Azərbaycana qarşı erməni lobbisinin diqtəsi ilə davamlı olaraq əsassız ittihamlar irəli sürüb. Heç təsadüfi deyil ki, 2021-ci ilin fevralında o zamankı ABŞ Prezidenti Cozef Bayden Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru vəzifəsinə Samanta Paueri təyin etmişdi. Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp isə elə andiçmə mərasimindən dərhal sonra samanta Paueri bu vəzifədən uzaqlaşdırmaqla bağlı qərar verdi. Halbuki həmin Samanta Pauer cinayətkar Ruben Vardanyanla da əməkdaşlıq edib və vaxtilə ondan Avrora Mükafatının Seçki Komitəsinin daimi üzvü kimi, xeyli məbləğdə pul alıb. Əslində bu faktlar Samanta Pauerin ermənipərəst mövqeyini ifşa etmiş olur”.
Təftiş Komissiyasının sədri vuğulayıb ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi və 2023-cü ilin 19-20-i sentyabrında həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyini bərpa etməsi USAID kimi ermənipərəst qüvvələrin məkirli planlarını alt-üst edib: “Çünki bu kimi təşkilatlar erməni lobbisindən aldıqları qrantlar fonunda böyük öhdəliklər götürmüşdülər. Sözsüz ki, USAID-in II Qarabağ müharibəsinin gedişində məkrli fəaliyyəti, eyni zamanda lokal antiterror tədbirləri zamanı suverenliyimizin bərpasına mane olmaq cəhdləri ilə bağlı kifayət qədər materialların ortaya çıxması diqqətən kənarda qala bilməzdi. Reallıq isə odur ki, 30 illik işğal dövründə bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarının bərpasına dair heç bir addım atmayan USAID hər zaman ermənilərin müdafiəçisi rolunda çıxış edib”.