
Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyi ilə müstəqil dövlətimizin əldə etdiyi tarixi uğurlar ölkəmizin beynəlxalq nüfuzunun daha da güclənməsinə səbəb olub. Aparılan uğurlu siyasətin nəticəsdir ki, bir il öncə – 7 fevral 2024-cü ildə keçirilmiş prezident seçkilərində xalqımız bir daha cənab İlham Əliyevə etimadını və sevgisini bir daha ifadə etdi. Sözsüz ki, Azərbaycan xalqının Prezident İlham Əliyevə inamı, sevgisi sonsuzdur. Seçicilərin 92,12 faizinin cənab İlham Əliyevə səs verərək onu növbəti müddətə Prezident seçməsi heç kəsdə, hətta beynəlxalq təşkilatlarda təəccüb doğurmadı. 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanmış, 2023-cü ilin sentyabrında 24 saatdan da az müddətdə separatizmin kökünü kəsərək ölkə suverenliyini təmin etmiş Ordumuzun Müzəffər Ali Baş Komandanına hamılıqla səs vermək həm də vəfa borcu ifadə etdi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətini, cənab İlham Əliyevə minnətdarlığını ifadə edən Azərbaycan xalqı bir daha dünyaya öz müdrikliyini, uzaqgörənliliyini nümayiş etdirdi: “Azərbaycanın öz suverenliyini tam bərpa etməsi şəraitində və bütün ölkə ərazisində seçkilərin keçirilməsi tarixi hadisə idi. Təsadüfi deyil ki, bu seçkilər siyasi tariximizə Zəfər seçkisi kimi düşdü. Cənab İlham Əliyevin səsvermə günü ailəsi ilə birlikdə Xankəndi şəhərində təşkil olunmuş seçki məntəqəsində səs verməsi suverenliyimizə olan diqqətinin bariz nümunəsi hesab olunur. Sözsüz ki, Prezident İlham Əliyevin son 22 ildə verdiyi bütün vədləri yüksək səviyyədə yerinə yetirdi cənab Prezidentin son bir illik fəaliyyəti uğurlarla zəngindir. 2024-cü ildə baş vermiş ən vacib hadisələrdən biri Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu, ordumuzun 2020-ci ilin sentyabrından bəri apardığı uğurlu əməliyyatların, düşmənə endirdiyi sarsıdıcı zərbələrin nəticəsində mümkün oldu. Eyni zamanda ötən il ölkəmizin həyatında ən mühüm hadisə COP29 beynəlxalq tədbirlərinin ən yüksək səviyyədə təşkil edilməsi idi. Azərbaycan cop29-a ev sahibliyi etməklə qlobal miqyasda nəyə qadir olduğunu bir daha isbat etmiş oldu”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin suverenliyimizin bərpa olunmasını yeni dövrün başlanğıcı kimi qiymətləndirməsi qarşımıza yeni hədəflər, məqsədlər qoyur: “7 fevral seçkilərində cənab İlham Əliyevin seçki kampaniyasının “Yeni hədəflərə doğru!” şüarı ilə həyata keçirilməsi də bunun bariz nümunəsidir. Yeni hədəflərə çatmaq üçün 7 fevral prezident seçkiləri müstəsna əhəmiyyət kəsb edir. Qarşıdakı əsas hədəflər regionumuzda sülhün təmin olunması, Azərbaycan iqtisadiyyatının daha da artırılması, milli təhlükəsizliyimizin və ordumuzun daha da gücləndirilməsi, yeni milli ideologiyamızın formalaşması,bütün sosial sahədə islahatların davam etdirilməsi, ölkəmizin beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsindən ibarətdir. Eyni zamanda Böyük Qayıdış və Qərbi Azərbaycana Qayıdış konsepsiyalarından irəli gələn məsələlər bu gün öz aktuallığını qoruyur”.
Məlahət İbrahimqızı vurğulayıb ki, 7 fevral prezident seçkiləri bir daha xalqın öz Liderinə sonsuz inamının ifadəsi idi: “Sözsüz ki, bundan sonra qarşıdakı əsas hədəflər sırasına regionumuzda sülhün, təhlükəsizliyin təmin olunmasıdır. Müdrik Azərbaycan xalqı da həmişə dövlət başçımıza güvənib və bütün məsələlərdə Ona dəstək verib. Prezident İlham Əliyev xalqın, birmənalı şəkildə, dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Azərbaycan xalqı dövlət başçımıza böyük inamını növbəti dəfə ötən il fevralın 7-də keçirilən prezident seçkilərində ifadə edib. Azərbaycan Ulu Öndər Heydər Əliyev strategiyasına uyğun olaraq, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Liderliyi ilə bundan sonra da böyük uğurlara imza atacaq”.