
2024-ci il dekabrın 25-də Azərbaycan Hava Yolları QSC-yə (AZAL) məxsus və dövlət sərnişin təyyarəsinin Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin hesabatı açıqlanıb. Azərbaycan və Qazaxıstanın tərəfdar olduğu 1944-cü il Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə əsasən, hadisənin baş verdiyi dövlət kimi Qazaxıstan araşdırmaya başlayıb. Bu araşdırmanın məqsədi uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olub. Araşdırmanın nəticələri beynəlxalq aviasiya normalarına uyğun olaraq qəzanın obyektiv səbəblərini müəyyənləşdirmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün maraqlı tərəflərə tövsiyələr verməkdir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, 2024-cü ilin dekabr ayının 25-də Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğradıqdan sonra hadisənin səbəblərinin araşdırılması ilə bağlı Prezident İlham Əliyevin göstərişi ilə komissiya yaradılıb: “Həmin gün Sankt-Peterburqda MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edildi və dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Təyyarə yerə endikdən dərhal sonra hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirən cənab Prezident İlham Əliyev hadisənin tam araşdırılması ilə bağlı müvafiq göstərişlər, təlimatlar verib”.

Deputat bildirib ki, həmçinin dövlətimizin başçısı dekabrın 29-da Azərbaycan Televiziyasına müsahibəsində qəzanın başvermə səbəblərinin araşdırılması, həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində atılan addımlardan və ilkin nəticələrdən bəhs edib: “Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə alıb və idarəetməni itirib. Ona görə də, burada günahı olan ölkə öz məsuliyyətini dərk etməli və beynəlxalq hüquq normalarına, qaydalarına uyğun davranmalıdır”.
Məlahət İbrahimqızı vurğulayıb ki, ötən ilin dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng vuraraq təyyarə qəzası ilə bağlı üzrxahlığını ifadə etməsi bu məsələdə atılan ilk addım idi: “Sözsüz ki, bundan sonra da atılacaq addımlar var. Təzminat və günahkarların cəzalanması kimi məsələlər həll olunmalıdır. Təbii ki, ölkəmiz hadisə baş verən gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı olduğunu bildirib. Rusiya tərəfi isə məsələdə bir qədər yayındırıcı mövqe tutmağa çalışıb. Bu isə iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olan yanaşma deyil. Azərbaycan dövləti və xalqımız Rusiya ərazisində baş verən faciə ilə bağlı qarşı tərəfdən beynəlxalq qaydalara uyğun davranış gözləyir”.
Qeyd edək ki, 2024-ci il dekabrın 25-də Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğramışdır. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olmuşdur. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və 29 nəfərin həyatını xilas etmək mümkün olmuşdur. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilmişdir.