
ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrlə yanaşı, Azərbaycana qarşı da qərəzli mövqe sərgiləyən Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) fəaliyyətini fevralın 1-dən etibarən dayandırıb. Üstəlik təşkilatın xərclərinin ABŞ-ın milli maraqlarına uyğun olmadığı açıqlanıb. Eyni zamanda Tramp USAİD-ı Dövlət Departamenti ilə birləşdirməyi planlaşdırır. Bütün bunlar onu deməyə əsas verir ki, müstəqil milli dövlətlərin daxili işlərinə qarışan, milli, dini siyasi ayrı seçkilik yaradan təxribat xarakterli bütün layihələrə dəstək verən USAİD layiq olduğu qiyməti almış olur.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, USAID-in fəaliyyətinin əsas istiqamətlərindən biri müstəqil siyasət yürüdən ölkələrdə daxili çaxnaşma yaratmaqdan ibarət idi: “Bu xüsusda bəzi Qərb dövlətləri və onlara məxsus qurumlar, institutlar müstəqil dövlətləri hədəfə alaraq heç bir əsasa söykənməyən, məqsədli təbliğat həyata keçirir. Sözsüz ki, məqsədləri hədəfə aldıqları dövlətlərdə qarşıdurma yaratmaqdan ibarətdir. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bu mənada hər zaman xüsusi ilə seçilməyə çalışıb”.
Deputat hesab edir ki, USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biri kimi çıxış edir: “Həmin təşkilat ölkəmizə qarşı həmişə qərəzli münasibət bəsləyib. Amma USAID-in Azərbaycanda öz çirkin niyyətlərini heç vaxt reallaşdıra bilməyib. Əslində təşkilatın buna gücü çatmayıb. Çünki Azərbaycanda sağlam cəmiyyət xalq-iqtidar birliyi kənar dağıdıcı qüvvələrin əl-qol açmasına imkan verməyib”.

Məlahət İbrahimqızı bildirib ki, 2021-ci ilin fevralında o zamankı Prezident Co Bayden ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Administratoru vəzifəsinə Samanta Paueri təyin etmişdi: “Hansı ki, Donald Tramp andiçmə mərasimindən dərhal sonra onu bu vəzifədən uzaqlaşdırıb. Samanta Pauer cinayətkar Ruben Vardanyanla da əməkdaşlıq edib. Pauer vaxtilə Vardanyandan Avrora Mükafatının Seçki Komitəsinin daimi üzvü kimi, xeyli məbləğdə pul da alıb. Bu fonda Samanta Pauerin sonradan formalaşan ermənipərəst mövqeyinin, onların daimi dəstəkçisi olma səbəbi aydın olur. Bu yaxınlarda ABŞ-ın ermənipərəst senatoru Bob Menendez həbs edilib. Senatorun evinə baxış zamanı külli miqdarda nağd pul, dəbdəbəli avtomobillər və qızıl külçələr aşkar edilib. Bu şəxs erməni diasporundan aldığı külli miqdarda pullara görə Azərbaycana qarşı kəskin və qərəzli mövqe tuturdu”.
Millət vəkili Azərbaycanın 44 günlük II Qarabağ müharibəsində tarixi Zəfəri, 2023-cü ilin sentyabrında birgünlük lokal antiterror tədbirləri nəticəsində suverenliyini tam bərpa etməsi bir çox qüvvələrin yuxusuna haram qatdığını bildirib: “Bu mənada USAID-in II Qarabağ müharibəsinin gedişində məkrli fəaliyyəti, eyni zamanda lokal antiterror tədbirləri zamanı suverenliyimizin bərpasına mane olmaq cəhdləri yaddan çıxmayıb. 30 illik işğal dövründə bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarının bərpasına dair heç bir addım atmayan USAID hər vəchlə ermənilərin maraqlarını müdafiə etməyə çalışıb”.