
Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə ölkəmizin nəqliyyat sistemi, bu sahədə qarşıda duran vəzifələrdən, əsas prioritetlərdən bəhs etdi. Bakı şəhəri və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafına toxunuldu. Bu istiqamətdə bir çox işlərin görüldüyü, böyük infrastruktur layihələrinin icra edildiyi vurğulandı. Nəqliyyat sektorunda infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yol və körpülərin, yol ötürücülərinin, metro stansiyalarının, hava limanlarının inşasının yaratdığı imkanlar önə çəkildi.
Bunu Siyasətinfoya Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor bildirib ki, son 30 ildə Azərbaycanın sürətlə inkişafı, əhali artımı baş verən müsbət dəyişikliklər nəqliyyat sahəsində də davamlı yeniliklərin edilməsini zərurətə çevirir: “Bu mənada son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilib. Yeni metro stansiyaları, yol qovşaqları, tunellər, körpülər inşa olunub. Həmçinin bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilib. Kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilib. Sözsüz ki, Azərbaycanın sərhəd yolları da bu gün müasir standartlara cavab verir. Çünki coğrafi mövqeyinə görə, səmərəli şəkildə istifadə edilən beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycan ərazilərindən keçir. Bu baxımdan da ölkəmiz mühüm nəqliyyat qovşağı rolundadır. Ona görə də, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağındadır. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır. Eyni zamanda rəqəmsallaşma məsələlərinə diqqət göstərilir”.

Deputat Zəngəzur dəhlizinin açılmasının Azərbaycanla yanaşı regional kommunikasiyaların də inkişafına böyük töhfə verəcəyini vurğulayıb: “Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülüb. II Qarabağ müharibəsindəki tarixi qələbədən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı. Məhz bunun nəticəsidir ki, Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadə, termin kimi istifadə olunur. Azərbaycan dövləti Zəngəzur dəhlizinin açılması üçün praktiki addımlar atır. Ermənistan tərəfi isə həmişə olduğu kimi II Qarabağ müharibəsindən keçən dörd il ərzində də qeyri-konstruktiv mövqe sərgiləyir. Faktiki olaraq 10 noyabr 2020-cü ildə imzalanmış üçtərəfli razılaşmaya əsasən kapitulyasiyaya uğramış Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Amma bütün bunlara baxmayaraq Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı yaradılmalıdır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi müxtəlif bəhanələr gətirərək, qeyri-real və cəfəng layihələri ortaya atan Ermənistan dırnaqarası “Sülh kəsişməsi” layihəsi heç bir mahiyyət kəsb etmir. Bölgənin qalib və güclü dövləti Azərbaycandır və ölkəmizin rolu, mövqeyi olmadan heç bir layihə reallaşa bilməz. Təbii ki, Azərbaycan özünün ayrılmaz hissəsi olan Naxçıvanla lazım olan ehtiyaclarını müxtəlif yollarla təmin edilir. Beləliklə, Ermənistan blokada vəziyyətində qalmış olur. Sözsüz ki, Zəngəzur həm də tarixi kontekstdə də öz həllini tapa bilər. Çünki tarixi Azərbaycan torpaqları yəni, Qərbi Zəngəzur sovet hakimiyyəti illərində Ermənistana verilib”.
Eldar Quliyev son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolunun tikilib, təmir edildiyini bildirib: “Həmçinin 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Ölkəmizdə həmçinin Dəmir yolu infrastrukturunun inkişafı xüsusi ilə qeyd edilməlidir. Müxtəlif maneələrə baxmayaraq Azərbaycan bu gün özünün dəmir yolu şəbəkəsi yeniləməklə yanaşı regional və qlobal miqyasda da aparıcı rola malikdir. Bu nətəcəsidir ki, beynəlxalq miqyasda Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərilir. Sumqayıt-Yalama dəmir yolunun tikintisi, Bakı-Qəbələ dəmir yolu uğurla inşası, Bakı-Balakən və Bakı-Ağstafa dəmir yollarının fəaliyyəti bu sahədə olan inkişafın göstəricisidir. Eyni zamanda son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən qurulub. Bununla bərabər, dörd yeni hava limanı inşa edilib. Qəbələ, Zaqatala, Füzuli və Zəngilan hava limanları artıq istismar edilir. Ölkəmizin həyatında mühüm hadisələrdən biri olacaq Laçın beynəlxalq hava limanı dövlət başçısının da vurğuladığı kimi bu il istifadəyə veriləcək. Həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa ediləcək ki, bu da qarşıya qoyulan hədəflərin mahiyyətini göstərir. Eyni zamanda son illər ərzində vacib layihələrdən biri də yeni Dəniz Ticarət Limanının inşası ilə bağlıdır. Azərbaycanda dəniz limanlarının inşası da ölkəmizin dəniz nəqliyyatına olan diqqətinin bariz nümunəsidir. Yeni metro stansiyalarının açılması, gəmiqayırma zavodunun inşası ölkəmizin nəqliyyat sahəsində hələ qarşıda böyük hədəflərinin olduğunu göstərir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan nəqliyyat layihələri də öz növbəsində sürətlə həyata keçirilir. Bu baxımdan azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. Azad edilmiş ərazilərdə 44 avtomobil yolu layihəsi icra edilib. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb. Paralel olaraq Horadiz-Ağbənd dəmir yolunun 60 faizi, Bərdə-Ağdam dəmir yolunun 94 faizində işlər yekunlaşıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan regionun mühüm nəqliyyat qovşağı kimi bundan sonra da uğurla inkişaf edəcək”.