
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri mühüm önəm kəsb edir. Ölkəmiz Davos İqtisadi Forumunda hər zaman yüksək səviyyədə təmsil olunur. Burada keçirilən görüşlər, təşkil edilən panel müzakirələr hər bir tərəf üçün olduqca faydalıdır. Bu mənada Azərbaycanın sosial-iqtisadi göstəriciləri, ölkəmizdə olan biznes mühiti, əldə edilən uğurlar və beynəlxalq platformada bu reallıqların təşviqi baxımından Davos İqtisadi Forumu platformalardan biridir.
Bunu Siyasətinfoya Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, Azərbaycan Prezidentinin Forum çərçivəsində keçirdiyi görüşlər, aparılan müzakirələr əlaqələrin daha da genişlənməsinə, müasir çağırışların daha geniş spektorda təbliğinə mühüm töhfə hesab olunur: “Ölkəmizin başçısının Davosda CGTN (China Global Television Network) telekanalına müsahibəsində toxunduğu məsələlər, vermiş olduğu mühüm mesajlar Azərbaycanın milli maraqlarının onun iqtisadi göstəricilərinin və qarşıya qoyulan hədəflərin xarakterini ehtiva etmiş olur. Prezident həmçinin Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Studer ilə görüşüb. Azərbaycanın iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və yaşıl enerji sahələrində həyata keçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının ixracına dair vacib müzakirələr aparılıb. Bununla yanaşı bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin lokallaşdırılmasına dair konkret fikirlər ifadə edilib. Prezident İlham Əliyevin Davosda qarşı tərəfin müraciəti əsasında Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçslə ilə görüşündə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Edqars Rinkeviçs dövlətimizin başçısı ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlayıb. Latviya Prezidenti görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Edqars Rinkeviçs təyyarə qəzasında həlak olanlarla bağlı Azərbaycan Prezidentinə başsağlığı verib. Ölkəmizin başçısı da öz növbəsində başsağlığına görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev görüşün əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından önəmini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev həmçinin Davosda qarşı tərəfin müraciəti əsasında “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb. Eyni zamanda cənab Prezident İlham Əliyev Davosda qarşı tərəfin müraciəti əsasında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb və vacib müzakirələr aparılıb. COP29-da Azərbaycana səfərini məmnunluqla xatırlayan Əbdüllətif Camal Rəşid bu mühüm tədbirin uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. İraq Prezidenti, eyni zamanda, təyyarə qəzası ilə əlaqədar bir daha başsağlığını ifadə edib.
Sözsüz ki, Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlər proqram baxımından sıx və zəngin olub. Bu Azərbaycana və Onun Liderinə qlobal miqyasda olan marağın və diqqətin bariz nümunəsidir. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üçün yaratdığı imkanlar, regional nəqliyyat qovşağı kimi rolu xüsusi vurğulanıb və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Prezidenti İlham Əliyev Davosda qarşı tərəfin müraciəti əsasında İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşlərində də ikitərəfli münasibətlər, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Prezident İlham Əliyevin Davosda qarşı tərəfin müraciəti əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla, “Carlsberg Group” şirkətinin Müşahidə Şurasının sədri Henrik Poulsen və Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Azərbaycanın əldə etdiyi uğurlar, siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub”.
Deputat bildirib ki, Dünya Davos Forumu çərçivəsində keçirilən görüşlər, təşkil edilən panel müzakirələr hər bir tərəf üçün olduqca faydalıdır: “Prezident İlham Əliyevin qarşı tərəfin müraciəti əsasında keçirmiş olduğu görüşlər, aparılan müzakirələr qarşılıqlı təmaslar tərəflərin bundan sonrakı dövrdə qarşıya qoyduqları əsas vəzifələrin reallığa çevrilməsi üçün də təsirli faktordur. Dünya Davos İqtisadi Forumu Azərbaycan üçün əhəmiyyətli olmaqla yanaşı ölkəmizin nüfuzunun təsdiqi baxımından da vacib platforma hesab edilir. Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumu xüsusi rola malikdir. Məhz bu ildə 55-ci iclası keçirilən Davos Forumunda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılıb. Bu mənada Forumda aparılan müzakirələr dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Azərbaycanın bu vacib platformada iştirakı 1995-ci ilə təsadüf edir. 1995-ci ilin 27-31 yanvar tarixlərində Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq Forumda iştirak edib. Sonrakı illərdə də bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilib. Cənubi Qafqazda lider mövqeyə malik olan Azərbaycan hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir. Bu uğurlara isə dünyanın marağı durmadan artır”.
Eldar Quliyev vurğulayıb ki, hər il Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və fəallığı artır: “Bu məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı uğurları ilə birbaşa bağlıdır. Dövlət başçısı hər il keçirilən iclaslar çərçivəsində çıxışlar edib, panellərə qatılıb, çoxsaylı suallara cavab verib. Məhz bu uğurların məntiqi nəticəsi olaraq Azərbaycan 2013-cü ilin aprelin 12-də Dünya İqtisadi Forumunun iştirakçılarını Bakıda qəbul edib. Sözsüz ki, iqtisadi xarakter daşımasına baxmayaraq Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə Forumun əhəmiyyəti bir daha gündəmə gəlir. Siyasi liderlər, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbulunda əlverişli mühit hesab edilir”.