
Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə vacib mesajlar verdi. Bakı şəhəri və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı vacib məqamlara toxunan cənab Prezident son illər ərzində bu istiqamətdə bir çox işlərin görüldüyü, böyük infrastruktur layihələrinin icra edildiyini vurğulayıb. Müasir standartlara cavab verən yol və körpülərin, yol ötürücülərinin, metro stansiyalarının, hava limanlarının inşası dövlətimizin prioritet istiqamətlərindən biridir. Ölkə başçısının da vurğuladığı kimi son 30 ildə Azərbaycanın sürətlə inkişafı, əhali artımı baş verən müsbət dəyişikliklər nəqliyyat sahəsində də davamlı yeniliklərin edilməsini zərurətə çevirib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilib: “Yeni metro stansiyaları, yol qovşaqları, tunellər, körpülər inşa olunub. Həmçinin bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilib. Kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilib. Sözsüz ki, Azərbaycanın sərhəd yolları da bu gün müasir standartlara cavab verir. Çünki coğrafi mövqeyinə görə, səmərəli şəkildə istifadə edilən beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycan ərazilərindən keçir. Bu baxımdan da ölkəmiz mühüm nəqliyyat qovşağı rolundadır. Ona görə də, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağındadır. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır”.

Deputat Zəngəzur dəhlizinin Azərbaycanın layihəsi olmaqla yanaşı regional və qlobal miqyasda ona böyük marağın olduğunu söyləyib: “II Qarabağ müharibəsindəki tarixi qələbədən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona daxil oldu. Dövlətimizin başçısı da müşavirdə bildirdi ki, “Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadə, termin kimi istifadə olunur”. Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün praktiki addımlar atır. Ermənistan tərəfi isə həmişə olduğu kimi II Qarabağ müharibəsindən keçən dörd il ərzində də qeyri-konstruktiv mövqe sərgiləyir. Faktiki olaraq 10 noyabr 2020-cü ildə imzalanmış üçtərəfli razılaşmaya əsasən kapitulyasiyaya uğramış Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Amma bütün bunlara baxmayaraq Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı yaradılmalıdır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi müxtəlif bəhanələr gətirərək, qeyri-real və cəfəng layihələri ortaya atan Ermənistan dırnaqarası “Sülh kəsişməsi” layihəsi heç bir mahiyyət kəsb etmir. Bölgənin qalib və güclü dövləti Azərbaycandır və ölkəmizin rolu, mövqeyi olmadan heç bir layihə reallaşa bilməz. Təbii ki, Azərbaycan özünün ayrılmaz hissəsi olan Naxçıvanla lazım olan ehtiyaclarını müxtəlif yollarla təmin edilir. Beləliklə, Ermənistan blokada vəziyyətində qalmış olur”.
Millət vəkili Zəngəzurun tarixi kontekstdə həllinə də ölkə başçısı tərəfindən diqqət yetirildiyini vurğulayı: “Tarixi Azərbaycan torpaqları yəni, Qərbi Zəngəzur sovet hakimiyyəti illərində Ermənistana verilib. Azərbaycan xalqı bu tarixi reallıqları heç birini unutmayıb. Bütün bunların fonunda Azərbaycanda nəqliyyat infrastrukturu sürətlə inkişaf edir. Son 20 il ərzində Azərbaycanda nəqliyyat sahəsində mühüm uğurlar əldə edilib. 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Ölkəmizdə həmçinin Dəmir yolu infrastrukturunun inkişafı xüsusi ilə qeyd edilməlidir. Müxtəlif maneələrə baxmayaraq Azərbaycan bu gün özünün dəmir yolu şəbəkəsi yeniləməklə yanaşı regional və qlobal miqyasda da aparıcı rola malikdir. Bu nətəcəsidir ki, beynəlxalq miqyasda Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərilir. Sumqayıt-Yalama dəmir yolunun tikintisi, Bakı-Qəbələ dəmir yolu uğurla inşası, Bakı-Balakən və Bakı-Ağstafa dəmir yollarının fəaliyyəti bunun bariz nümunəsidir”.
Məlahət İbrahimqızı ölkə başçısının da qeyd etdiyi kimi son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib: “Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən qurulub. Qəbələ, Zaqatala, Füzuli və Zəngilan hava limanları artıq istismar olunur. Laçın beynəlxalq hava limanı isə bu il istifadəyə veriləcək. Heydər Əliyev Beynəlxalq Hava Limanında isə yeni terminal kompleksi inşa ediləcək. Dəniz Ticarət Limanının inşası, yeni metro stansiyalarının açılması, gəmiqayırma zavodunun tikilməsi ölkəmizin bu sahəyə olan diqqətinin növbəti təzahürüdür. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə icra olunan nəqliyyat layihələri də sürətlə həyata keçirilir. Bu baxımdan azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. Azad edilmiş ərazilərdə 44 avtomobil yolu layihəsi icra edilib. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb. Paralel olaraq Horadiz-Ağbənd dəmir yolunun 60 faizi, Bərdə-Ağdam dəmir yolunun 94 faizində işlər yekunlaşıb. Cənab Prezidentin də vurğuladığı kimi “həyat yerində durmur”. Bu mənada Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi nəqliyyat infrastrukturunun yenilənməsi, müasir çağırışlara uyğunlaşması baxımından ardıcıl tədbirlər həyata keçirir”.