
Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasının Davos şəhərində Dünya İqtisadi Forumunda iştirakı mühüm önəm kəsb edir. Sözsüz ki, ölkəmizin Davos İqtisadi Forumunda yüksək səviyyədə təmsil olunması vacib əhəmiyyətə malikdir. Forum çərçivəsində keçirilən görüşlər, təşkil edilən panel müzakirələr hər bir tərəf üçün olduqca faydalıdır.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanın sosial-iqtisadi göstəriciləri, ölkəmizdə olan biznes mühiti, əldə edilən uğurlar və beynəlxalq platformada bu reallıqların təşviqi olduqca önəmlidir: “Bu mənada Davos İqtisadi Forumu ölkəmizin mühüm reallıqlarının təbliği baxımından vacib platforma hesab olunur. Sözsüz ki, Azərbaycan Prezidentinin Forum çərçivəsində keçirdiyi görüşlər, aparılan müzakirələr əlaqələrin daha da genişlənməsinə, müasir çağırışların daha geniş spektorda təbliğinə mühüm töhfə verəcəkdir. Forum çərçivəsində ölkəmizin başçısının Davosda CGTN (China Global Television Network) telekanalına müsahibəsində toxunduğu məsələlər, vermiş olduğu mühüm mesajlar Azərbaycanın milli maraqlarının onun iqtisadi göstəricilərinin və qarşıya qoyulan hədəflərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından önəmli idi. Həmçinin Davosda cənab Prezident İlham Əliyev “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Studer ilə görüşüb. Azərbaycanın iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və yaşıl enerji sahələrində həyata keçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının ixracına dair vacib müzakirələr aparılıb. Bununla yanaşı bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin lokallaşdırılmasına dair konkret fikirlər ifadə edilib. Dövlətimizin başçısı Davosda qarşı tərəfin müraciəti əsasında Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçslə ilə görüşündə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə edib. Edqars Rinkeviçs dövlətimizin başçısı ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlayıb. Latviya Prezidenti görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Edqars Rinkeviçs təyyarə qəzasında həlak olanlarla bağlı Azərbaycan Prezidentinə başsağlığı verib. Ölkəmizin başçısı da öz növbəsində başsağlığına görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev görüşün əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından önəmini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev həmçinin Davosda qarşı tərəfin müraciəti əsasında “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb. Eyni zamanda cənab Prezident İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb və vacib müzakirələr aparılıb. COP29-da Azərbaycana səfərini məmnunluqla xatırlayan Əbdüllətif Camal Rəşid bu mühüm tədbirin uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. İraq Prezidenti, eyni zamanda, təyyarə qəzası ilə əlaqədar bir daha başsağlığını ifadə edib. Sözsüz ki, Azərbaycan Prezidenti İlham Əliyevin Davosda keçirdiyi görüşlər proqram baxımından sıx və zəngin idi. Bu məhz Azərbaycana və Onun Liderinə qlobal miqyasda olan marağın və diqqətin göstəricisi hesab edilir”.
Aqil Məmmədov bildirib ki, Prezident İlham Əliyevin qarşı tərəfin müraciəti əsasında keçirmiş olduğu görüşlər, aparılan müzakirələr qarşılıqlı təmaslar tərəflərin bundan sonrakı dövrdə qarşıya qoyduqları əsas prioritetlərin reallaşması baxımından əhəmiyyətli olub: “Bu bir reallıqdır ki, Dünya Davos İqtisadi Forumu Azərbaycan üçün əhəmiyyətli olmaqla yanaşı ölkəmizin nüfuzunun təsdiqi baxımından da vacib platformadır. Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumu xüsusi rola malikdir. Bu il 55-ci iclasını keçirən Davos Forumunda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılıb. Sözsüz ki, nüfuzuna görə Davos Forumu yüksək reytinqə malikdir. Bu baxımdan da Forumda aparılan müzakirələr dünya ictimaiyyətinin diqqət mərkəzində olur”.
YAP üzvü vurğulayıb ki, Azərbaycanın Davos Forumunda ilk dəfə iştirakı 1995-ci ilə təsadüf edir: “Həmin ilin 27-31 yanvar tarixlərində Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq Forumda iştirak edib. Sonrakı illərdə də bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Cənubi Qafqazda lider mövqeyə malik olan Azərbaycan hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir. Sözsüz ki, bu uğurlara dünyanın marağı durmadan artır. Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı uğurları ilə bağlıdır. Dövlət başçısı hər il keçirilən iclaslar çərçivəsində çıxışlar edib, panellərə qatılıb, çoxsaylı suallara cavab verib. Məhz bu uğurların məntiqi nəticəsi olaraq Azərbaycan 2013-cü ilin aprelin 12-də Dünya İqtisadi Forumunun iştirakçılarını Bakıda qəbul edib. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri Bakıda bir araya gəliblər. Bütün bunlar onu deməyə əsas verir ki, iqtisadi xarakter daşımasına baxmayaraq Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir”.