
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısının Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda yüksək səviyyədə qarşılanması, göstərilən qonaqpərvərlik Azərbaycana, onun Liderinə olan xüsusi münasibətin göstəricisidir.
Bunu Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor bildirib ki, Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü, aparılan müzakirələr olduqca önəmlidir: “Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti 2024-cü ildə Azərbaycana rəsmi və COP29 ilə bağlı səfərlərini, bu səfərlər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşləri və aparılmış müzakirələri xatırladıb. Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin COP29-da iştirakını bir daha yüksək qiymətləndirən dövlətimizin başçısı qeyd edib ki, bu mühüm beynəlxalq tədbirin uğurla başa çatdırılmasında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığı və bu ölkənin konsepsiyası da öz rolunu oynayıb. Dövlət başçıları həmçinin münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb. Bu bir reallıqdır Azərbaycan ilə BƏƏ arasında dostluq əlaqələri mövcuddur. Cənab Prezident də görüşlərdə hazırda ölkələrimizdə sabitliyin və əmin-amanlığın hökm sürdüyü qeyd edib. Siyasi münasibətlərimizin mükəmməl səviyyədə olduğu vurğulanıb. Eyni zamanda iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndiyini bildirilib”.

Eldar Quliyev həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyaların əhəmiyyətinə toxunub: “Eyni zamanda ölkələrimiz ənənəvi enerji sahəsində yaxından əməkdaşlıq edir. Ölkə başçıları ikitərəfli, regional, qlobal, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb. Azərbaycanla ərəb dünyası arasında tarixi-mədəni bağlılıq mövcuddur. Ərəb ölkələri hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə edib. Bu mənada Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Diplomatik əlaqələrin xarakteri 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daha da inkişaf edib”.
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimində iştirak edib.
Qeyd edək ki, 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi ötən illər ərzində dayanıqlı qlobal inkişaf baxımından önəmli müzakirələrin aparıldığı beynəlxalq platformaya çevrilib. Qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərini əsas istiqamətlər kimi müəyyənləşdirən Dayanıqlılıq Həftəsi dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını və gəncləri bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində 13 dövlət və hökumət başçısı, eləcə də 140-dan çox nazir və digər rəsmi şəxslər iştirak edir.