
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri olduqca əhəmiyyətlidir. Dövlətimizin başçısının Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda yüksək səviyyədə qarşılanması, göstərilən qonaqpərvərlik xüsusi ilə vurğulanmalıdır. Səfər çərçivəsində Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü, aparılan müzakirələr mühüm önəm kəsb edir
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti 2024-cü ildə Azərbaycana rəsmi və COP29 ilə bağlı səfərlərini, bu səfərlər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşləri və aparılmış müzakirələri xatırladıb: “Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin COP29-da iştirakını bir daha yüksək qiymətləndirən dövlətimizin başçısı qeyd edib ki, bu mühüm beynəlxalq tədbirin uğurla başa çatdırılmasında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığı və bu ölkənin konsepsiyası da öz rolunu oynayıb. Dövlət başçıları həmçinin münasibətlərin strateji tərəfdaşlıq xarakterinə malik olduğunu bildirib. Azərbaycan ilə BƏƏ arasında dostluq əlaqələri mövcuddur. Prezident İlham Əliyev də keçirdiyi görüşlərdə hazırda ölkələrimizdə sabitliyin və əmin-amanlığın hökm sürdüyü qeyd edib”.

Sevinc Hüseynova iki ölkə arasında siyasi münasibətlərin mükəmməl səviyyədə olduğu vurğulayıb: “Eyni zamanda iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndiyini bildirilib. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyaların əhəmiyyətinə toxunulub. Bununla yanaşı ölkələrimizin ənənəvi enerji sahəsində yaxından əməkdaşlıq etdiyi qeyd olunub. Ölkə başçıları ikitərəfli, regional, qlobal, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Azərbaycanla ərəb dünyası arasında tarixi-mədəni bağlılıq mövcuddur. Ərəb ölkələri hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə edib. Bu mənada Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Diplomatik əlaqələrin xarakteri 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daha da inkişa edib”.